

“Cənab Prezident ADA Universitetində dünyanın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə ənənəvi görüşdə iştirak edib və orada müxtəlif geosiyasi, siyasi, geoiqtisadi məsələləri araşdıran tanınmış analitiklər Prezident İlham Əliyevə sual ünvanlamaq şansını qazanıblar. Bu il keçirilən tədbir “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunub. Həqiqətən də dünya dəyişir, müxtəlif müharibələr, miqrasiya problemləri, aclıq, səfalət, böhranlıq yeni dünya nizamını formalaşdırır və biz də bu nizama uyğunlaşmalıyıq. Azərbaycanın yeni dünya nizamında öz rolunu və mövqeyini möhkəmləndirmək üçün kifayət qədər əsaslar var. Ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdikdən sonra Azərbaycan qlobal proseslərin də ayrılmaz bir geosiyasi aktorudur”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
İ.Hüseynov cənab Prezidentin çıxışında Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunduğunu deyib: “Burada xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın haqlı tələbləri qarşı tərəfin diqqətinə çatdırılıb. Sülh müqaviləsinin layihəsi üzrə danışıqlar artıq başa çatıb. Yeganə məsələ ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarına və revanşizmə son qoymalıdır. Bunun əsasında sülh və etimad quruculuğu yarana bilər. Cənab Prezident xüsusilə etimat quruculuğuna toxundu. Regional ekologiyaya, regional infrastruktur problemlərinə də diqqət ayırmaq lazımdır. Bu məsələlərdə də Azərbaycan və Ermənistan birgə işləyə bilər. Uğurlu Gürcüstan nümunəsi də təsadüfən səslənmədi. Gürcüstanla Azərbaycan arasında ticari, iqtisadi, sərmayə, infrastruktur, enerji, nəqliyyat sahələrində çox yaxşı iş birliyi formalaşdırılıb və regional müstəvidə bütün meqalayihələr Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə icra olunmaqdadır. Hesab edirəm ki, bu görüşün və söylənilən mesajların ciddi reaksiyaları və təhlili sonrakı dövrdə də dünya mediasında müşahidə olunacaq, kifayət qədər geniş işıqlandırılacaq”.
Politoloq bildirib ki, bu gün informasiya müharibəsi və hibrid müharibə kontekstində bu cür açıqlamaların verilməsi, bəyanatlar Azərbaycan haqqında müsbət təəssürat formalaşdırır: “Çünki erməni lobbisi və dünya erməniliyi çirkin əməllərindən çəkinmir. Hüquqi müstəvidə, siyasi məzmunda ölkəmiz əleyhinə fəal təbliğat həyata keçirirlər və bu təbliğatın ifşa olunması, Azərbaycan reallıqlarının təbliği baxımından möhtərəm cənab Prezidentin bu çıxışları proqram xarakteri daşıyır və ölkəmiz ətrafında da çox müsbət bir aura yaradır”.
Röya İsrafilova