

“Azərbaycan özünün çoxvektorlu siyasəti ilə hər zaman seçilib. Avropadan Asiyaya materikin bir çox dövlətləri ilə dinamik əlaqələrimiz günü-gündən inkişaf edir. Bu sırada Çinin adı xüsusi qeyd olunmalıdır. Hər iki dövlət
bir-biri üçün çox önəmli tərəfdaşlardır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.
Z.Ruslanqızı Azərbaycan-Çin diplomatik əlaqələrinin qurulmasından 33 il keçdiyini deyib: “Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər platforması çərçivəsində formalaşan Azərbaycan-Çin münasibətləri qarşılıqlı siyasi etimad, dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün dəyərləndirilməsi və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə xarakterizə olunur. Rəsmi Bakı Çinlə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır”.
Politoloq diqqətə çatdırıb ki, Azərbaycan-Çin əlaqələri sadəcə son dövrlərin hadisəsi deyil, Böyük İpək yolunun tarixi qədər qədimdir: “Hələ 2500 il öncə bu yol vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Çin Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı bir sıra qlobal layihələrə, xüsusilə TRASECA çərçivəsində reallaşdırılan Şərq-Qərb layihəsinə böyük maraq göstərir. Azərbaycanın bu regionda gücü, rolu, bölgənin sabitliyini təmin edən fiqur olması bu marağın daha da artmasına və əlaqələrin indiki tempdə inkişafına səbəb olur”.
Röya İsrafilova