“Azərbaycan tərəfinin mövqeyi tam haqlıdır” Gündəm

“Azərbaycan tərəfinin mövqeyi tam haqlıdır”

“Antalya Diplomatik Forumunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak etdi. Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə Prezident İlham Əliyevin iştirak etdiyi həmin forumda Prezident, eyni zamanda, xarici işlər nazirimiz tərəfindən bir sıra mühüm görüşlər keçirildi. Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mizroyanın görüşü zamanı sülh sazişinin mətninin razılaşdırılmasından sonra hansı addımların atılacağı ilə bağlı Azərbaycan tərəfinin mövqeyi onların diqqətinə çatdırıldı. Azərbaycan tərəfi sülh sazişinin mətninin razılaşdırılmasından asılı olmayaraq Azərbaycanın prinsipial tələblərini bir daha diqqətə çatdırmış oldu. Tələblər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin Konstitusiyadan çıxarılması ilə bağlı referendumun keçirilməsi, eyni zamanda, ATƏT-in Minsk qrupundan Ermənistan tərəfindən imtina edilməsi məsələləriidir. Bu məsələlərin Ermənistan tərəfindən edilməyəcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinin uzanacağı artıq hər birimizə bəllidir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, o halda konstisional əsasda Azərbaycana qarşı ərazi iddilarından əl çəkməli, həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı mövqe sərgiləməlidir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov söyləyib.

X.Bəşirov bildirib ki, Ermənistan tərəfi yenə də xarici işlər nazirinin simasında bəhanələrini ortaya qoydu: “Onlar deyirlər bizim Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Hansı ki, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınmış Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan Konstitusiyasının preambula hissəsində istinad edilən Müstəqillik haqqında bəyannamədə o məqam əksini tapıb. Nəzərə alaq ki, bununla bağlı 1989-cu il qərarı var ki, Ermənistan Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurası adlı bir qurum arasında qərar qəbul edilib. Yəni orada azərbaycanlıların mövqeyi öyrənilməyib. Qarabağda yaşayan azərbaycanlıların mövqeyi öyrənilmədən Azərbaycanın tarixi ərazisi, Azərbaycan SSR-yə aid olan bir ərazi kimlərinsə düşüncəsinə uyğun şəkildə, qanunsuz olaraq zorla Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilib. Yəni bu qərarın heç bir hüquqi əhəmiyyəti yoxdur. Amma Ermənistan Konstitusiyası bu gün ona istinad edir və o istinadı Ermənistan hakimiyyəti Konstitusiyasından çıxarmaq istəmir, eləcə də ATƏT-in Minsk qrupundan imtina etmək istəmir, digər tərəfdən isə bizimlə sülhdən danışır”.

Politoloq Azərbaycan tərəfinin mövqeyinin tam haqlı olduğunu vurğulayıb: “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir daha Ermənistan xarici işlər naziri Ararat Mizroyanın vasitəsilə Ermənistanın diqqətinə çatdırmış oldu ki, bu məsələlər həllini tapmayınca Azərbaycanla Ermənstan arasında sülh sazişinin imzalanması sadəcə formal, görüntü xarakterli kağız üzərində olan bir sülh ola bilər. Bu da bizə lazım deyil. Bizə dayanıqlı, real və əməldə olan sülh lazımdır. Bunun üçün də Ermənistan üzərinə düşən addımları atmalıdır”.

Röya İsrafilova