

“Dünya düzəni dəyişir, dünyanın sabitliyi artıq pozulub. Dünyada müharibələr gedir, hamısı da yeni bir quruluş qurmaq, yeni torpaqlar zəbt etmək üçündür. Həmçinin artıq 4-cü ildir Rusiya-Ukrayna müharibəsi gedir. Dünyada olan qarışıq dövrdə Azərbaycan inkişaf etməyə başladı və həm xarici, həm daxili siyasətini düzgün qurdu. Azərbaycan güclü iqtisadi rıçakları əldə edəndən sonra ilk növbədə ordusunu gücləndirdi, əhalinin sosial vəziyyətini yaxşılaşdırdı və yeni təfəkkürlü, yeni ruhlu azərbaycanlı gənclər yetişdirdi. Ordusunu NATO standartlarına uyğun olaraq hazırladı. Biz 30 ildən artıq erməni tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdik, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdik. Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrildi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoqun sözlərinə görə, bu gün Azərbaycan Türkiyə birliyi türk dövlətləri birliyinə bir nümunədir və bu dövlətlərin birləşməsi üçün ciddi iş aparılır: “Məhz 2024-cü ilin fevralında Azərbaycan Prezidenti öz çıxışında bildirdi ki, bizim türk ailəmiz var, biz türk ailəsinin üzvüyük və bizim gücümüz türk dövlətləri birliyidir. Bu, bizim üçün bir çağırış, yol xəritəsi idi. Ona görə də bizim son illər türk dövlətləri ilə iqtisadi, siyasi, hərbi əlaqələrimiz güclənib, daha da güclənir və inkişaf edir. Bunun üçün də yeni dünya düzənində Azərbaycan türk dövlətləri birliyi ilə öz gələcəyini görür. Hesab edirəm ki, bu, ən düzgün, ən real yoldur. Çünki biz uzun illər Rusiya ilə birlikdə olduğumuz dövrdə Azərbaycanın var-dövləti çapıb-talandı, mərkəzə getdi, Azərbaycanın özünün inkişafında heç bir rol oynamadı”.
E.Həsənov vurğulayıb ki, lakin biz SSR-dən ayrılandan və Azərbaycan müstəqilliyini elan edəndən sonra o, həmin ildən bu günə kimi çox böyük inkişaf yolu keçdi: “Azərbaycanın şəhər və rayonları yenidən quruldu. Bu gün də o istiqamətdə Qarabağ yenidən qurulur, yenidən tikilir. Azərbaycan artıq dünyanın ən gözəl guşəsinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanı Cənubi Qafqazda cənnət guşəsi adlandırırlar. Məhz bu da düzgün qurulmuş siyasətin nəticəsidir. Azərbaycanın siyasi, iqtisadi mövqeyi getdikcə güclənir, Azərbaycan əhalisi sayca az və ərazisi kiçik olan dövlət olsa da, dünyanın böyük dövlətləri Azərbaycanla hesablaşırlar. Bu yaxınlarda ABŞ Prezidenti Tramp Azərbaycan Prezidentinə məktub göndərmişdi. Eləcə də Çinin bizimlə münasibətləri çox yüksək səviyyədədir”.
O əlavə edib ki, türk dövlətləri ilə yanaşı, həmçinin digər dövlətlərlə də Azərbaycanın iqtisadi, siyasi, hərbi əməkdaşlığı genişlənir: “Azərbaycan təkcə türk dövlətlərinin yox, həm də Avropa İttifaqının üzvü olan ölkələrin enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Yəni balaca Azərbaycan bu gün Avropanının enerji təhlükəsizliyinin təminatçısıdır. Bunun özü çox böyük məsələdir, uğurdur və bu, yüksək qiymətləndirilir. Hesab edirəm ki, Azərbaycan bundan sonra da bu yolda inkişaf edəcək və biz dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcəyik”.
Röya İsrafilova