Slutski: Ermənistan Konstitusiyasından Qarabağa aid hissəni çıxarmaq lazımdır Gündəm

Slutski: Ermənistan Konstitusiyasından Qarabağa aid hissəni çıxarmaq lazımdır

“Əgər onlar ümid edirlər ki, Ermənistan silahlanacaq və Qarabağı geri alacaq, buna ümid etməsinlər, bu, heç vaxt baş verməyəcək”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR lideri Leonid Slutski bildirib.

Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətindən, Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından danışan rusiyalı siyasətçi Qarabağın müharibədən sonrakı bərpasında Azərbaycan rəhbərliyinin xidmətlərini qeyd edib, Bakının İkinci Dünya müharibəsi veteranlarına münasibətdə humanitar siyasətini qiymətləndirib: “Rusiya-Azərbaycan münasibətlərini heç nə poza bilməz. Biz tarixi, coğrafi, mədəni baxımdan bir yerdə olmağa məhkumuq. Biz bəşər tarixinin ən qanlı müharibəsindən birlikdə keçdik və 9 Mayda böyük qələbəni birlikdə qeyd edəcəyik. Ümid edirəm ki, həmin gün Moskvada, Qələbə Paradında Azərbaycan Prezidenti qardaşım İlham Əliyev bizimlə olacaq. 80 il çox, çox çətin bir tarixdir. Mənim nəslimin sonuncu veteranları dünyasını dəyişir. Biz onları hələ çox gənc, indi məndən cavan insanlar kimi xatırlayırıq. Əlbəttə ki, burada heç nəyi dəyişmək olmaz. Bizi tərk edirlər, amma sağ olanlar çox uzun müddət yaşasınlar. Bu bizim genefondumuzdur, bu bizim canlı yaddaşımızdır, ölməz yaddaşımızdır və vicdanımızdır. Əlbəttə ki, faşizm üzərində birgə qələbəmiz üçün vuruşmuş, çalışmış, zəhmət çəkmiş, canlarından keçmiş azərbaycanlıları unuda bilmərik. Bu gün ölkələrimizi və xalqlarımızı birləşdirən çoxlu mühüm infrastruktur layihələri var. Biz Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycanın qurucusu Heydər Əliyevi həmişə xatırlamalıyıq və xatırlayacağıq ki, o, bu gün də əhəmiyyətli olan Baykal-Amur magistral xətti və sənaye və yüksək texnologiyalar sahəsində bir çox işlər, proqramlar, layihələr üçün böyük işlər görmüşdür. İlham Əliyev bu gün atasının vəsiyyətini yerinə yetirərək yoxsulluqla mübarizə proqramını həyata keçirib və Azərbaycanı enerji cəhətdən müstəqil dövlətinə çevirib. Azərbaycan bir çox beynəlxalq forumların, platformaların və formatların mərkəzidir. Bu hadisələr qlobal miqyasda əlamətdar hadisələrə çevrilir. Əlbəttə ki, İlham Əliyev dahi atasının əsas vəsiyyətini yerinə yetirdi, Qarabağı Azərbaycancana, vətənə qaytardı. Bu gün isə Qarabağ sürətlə inkişaf edir. Bəzi suallar ola bilər, lakin bu, ölkələrimizi, xalqlarımızı və prezidentlərimizi ayıra bilməz. Bu gün isə Azərbaycan xalqının şanlı övladlarının ata və babalarının, Böyük Vətən müharibəsi qəhrəmanlarının fəxr edə biləcəyi bu yaxınlarda göstərdikləri şücaəti xatırlayaraq deyirik: Qarabağ Azərbaycandır!”

Slutski Şuşaya səfəri barədə danışıb, münaqişə bitdikdən sonra regionun sürətlə inkişaf etdiyini vurğulayıb: "Orada yüksək texnologiyalı klasterlər yaradılır, hava limanları tikilir. Yəqin ki, fikir vermisiniz, mən bu yaxınlarda Şuşada idim, Füzuli hava limanına uçdum və işğaldan azad edilmiş ərazilərdə hər ay yeni nəsə tikilir".

Rusiyalı siyasətçi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının perspektivləri, prosesin irəliləməsinə nələrin mane olması və Rusiyanın bu prosesdə rolu barədə də danışıb: "İlk növbədə, Ermənistan Konstitusiyasından Qarabağa aid olan hissəni çıxarmaq lazımdır. Gündəlikdə bəzi digər məsələlər də var. Gec-tez sülh müqaviləsi imzalanacaq. Təbii ki, bu daha tez olsa, yaxşı olar. Buna görə də, bunun yaxın gələcəkdə baş verməsi üçün əlimizdən gələni edəcəyik. Biz bunu uzatmamalıyıq, Cənubi Qafqaz xalqlarının mənafeyi naminə dinc quruculuq yolu ilə irəliləməliyik".

LDPR sədri Ermənistanın xarici oyunçular tərəfindən hərbiləşdirilməsi, silahlanması fonunda Cənubi Qafqazda sabitliyin pozulması riskinin olub-olmaması ilə bağlı sualı isə belə cavablandırıb: "Əgər onlar Ermənistanın silahlanacağını və Qarabağı geri alacağına ümid edirlərsə, ümid etməsinlər, bu heç vaxt baş verməyəcək. Ermənistan lap dişinə qədər silahlansın, onsuz da Azərbaycan daha güclüdür.

Biz bu qarşıdurmaya son qoyub öz ambisiyalarımızı təmin etmək üçün deyil, Cənubi Qafqazda yaşayan insanların mənafeyi naminə dinc quruculuq yolu ilə hərəkət etməliyik".