

“Qərarlarımızda müəyyən edilmiş tədbirlərin icra səviyyəsi 70% olub. Belə ki, 52 kollegiya qərarı ilə təsdiq edilmiş 467 tədbirin 172-si tam, 37-si qismən icra edilib, 65-i icra olunmayan, 193-ü isə qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən tədbirlərdən ibarət olub”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, təhlillər 2 və daha çox sayda auditi keçirilmiş qurumların 83,3%-də maliyyə intizamının nisbətən gücləndiyini göstərib: “2024-cü ilin iş planı üzrə dövlət vəsaitinin bərpası ilə bağlı 84,4 mln. manata qarşı 59,4 mln. manat icra edilib.
Əvvəlki illərin iş planları üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 8,6 mln. manat bərpa edilib.
Bundan əlavə, 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 mln. manat əhəmiyyətli təhriflərdən 400,0 mln. manatdan çox məbləğ üzrə müvafiq düzəlişlər edilib.
Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 milyon manatın bərpası və digər tədbirlərin görülməsi təmin edilib”.