

“2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunub”
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, rəylər büdcə layihəsi və icrası barədə təqdim edilən məlumatların qanunvericiliyə, ölkənin strateji sənədlərinə uyğunluğu, büdcə parametrlərinin düzgünlüyü və tamlığı barədə Hesablama Palatasının qiymətləndirici mövqeyini məhdud əminliklə ifadə edib: “2023-cü ilin dövlət büdcəsinin icrasına və 2025-ci ilin büdcə layihəsinə verilmiş rəylər ilə müəyyən edilmiş uyğunsuzluq məbləği 1,4 milyard manat olub. Uyğunsuzluqlar arasında vahid büdcə təsnifatına əməl olunmaması üstünlük təşkil edib.
Rəylərdə verilmiş tövsiyələrin icrası üzrə bir sıra addımlar atılıb, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi və icrası üzrə 36 tövsiyə büdcə sənədləşməsində tam və ya qismən nəzərə alınıb. Dövlət büdcəsinin icrası və layihəsinə rəylər üzrə nəzərə alınmış tövsiyələr məbləğ ifadəsində 260,5 milyon manat olub.
Müsbət məqamlardan biri də odur ki, büdcə sənədləşməsi Parlamentə təqdim edilənədək düzgün planlamama ilə bağlı məqamların əksər hissəsi aradan qaldırılır. Eyni zamanda, uyğunsuzluqların bir hissəsi də təsdiq edilmiş büdcədə diqqətdə saxlanılmaqla düzəldilir.
2024-cü ildə də Hesablama Palatasının tövsiyələrinin nəzərə alınması barədə dövlət büdcəsinin icrası barədə hesabatda məlumat verilib, əlavə olaraq, 2025-ci ilin dövlət büdcəsi və büdcədənkənar dövlət fondunun büdcəsinin layihəsi ilə bağlı İzahatlarda da müvafiq məlumat əks etdirilib”.