

“Çin-Azərbaycan münasibətləri son dövrlərdə yeni mərhələyə qədəm qoymaqdadır. Əslində bu yeni mərhələ ötən il Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə və onun müddəaları ilə əlaqədardır. Yəni Çin-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi, dərinləşməsi və miqyasının daha əhatəli olması həm Azərbaycanın, həm də Çinin düşünülmüş dövlət siyasətidir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat vurğulayıb ki, Çin-Azərbaycan münasibətləri region və dünya üçün yeni imkanlar, inteqrasiya, kommunikasiyalar vəd edir: “Ona görə də bu kontekstdə iki ölkənin birgə hərəkət etməsi həm də əslində yeni dünya nizamının keyfiyyətini təyin edəcək bir hadisədir. Təsadüfi deyil ki, aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda Azərbaycan Prezidenti Azərbaycanı Qlobal Cənubun bir hissəsi kimi gördüyünü ifadə etdi. Yəni əgər bu gün yeni beynəlxalq münasibətlər sistemində Qlobal Cənub yeni bir güc mərkəzi kimi ortaya çıxırsa, bunun ağırlıq mərkəzi heç şübhəsiz ki, Çindir. Belə olan halda Çin-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi hər iki ölkə üçün və bütövlükdə region üçün çox böyük vədlər verir. Düşünürəm ki, Azərbaycan Prezidentinin Çinə səfəri də tarixi bir səfər olacaq. Çünki orada dediyimiz istiqamətlər üzrə çox mühüm sənədlər imzalanacaq”.
Röya İsrafilova