“Koqnitiv müharibələrin əsas hədəfi çox vaxt ailə olur...” - məqalə Gündəm

“Koqnitiv müharibələrin əsas hədəfi çox vaxt ailə olur...” - məqalə

Yeni dövrün savaş növü olan koqnitiv müharibələrin əsas hədəfi çox vaxt ailə olur və bu da təsadüfi deyil. Ailə cəmiyyətin kollektiv yaddaşını daşıyır, tarixi, kimliyi və dəyərləri nəsildən-nəslə ötürür. Həmin münasibətləri zəiflətmək cəmiyyətin sabitliyini sarsıtmaq üçün ən təsirli üsuldur. Son illər insanların iradə, əzm, zəhmətsevərlik, vətənpərvərlik, ümumxalq mənafeyi, ailə tellərinə bağlılıq sahəsində qarşıya çıxan zəifliklər məhz koqnitiv müharibələrin yaratdığı fəsadlar sayəsində meydana gəlir. Yəni koqnitiv əməliyyatlar sayəsində fərqli dəyərlərə, dünyagörüşünə, əxlaqa sahib olan, eyni zamanda, xeyir-şəri, sosial-ədalət prinsiplərini transmilli aktorların həyata keçirdiyi əməliyyatın niyyətinə uyğun formada dərk edərək qəbul edən insan kütləsi yaratmaq istiqamətində böyük işlər görülür.

Texniki tərəqqinin verdiyi böyük imkanlar insan beyninin xarici təsirlərə məruz qalmasını, informasiya vasitəsilə manipulyasiyasını asanlaşdırır. Nəticədə insanların hələ kiçik yaşlarından təkcə mətbuatdakı yazılarda deyil, bədii və cizgi filmlərində, teleseriallarda gizlədilmiş sublematik mesajların hücumlarından müdafiəsi zəifləyir.

Bu fikirlər ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovanın “Ailə münasibətlərinin və mövcud demoqrafik vəziyyətin dəyişdirilməsində koqnitiv müharibələrin rolu və metodları” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Fərqinə varmadan aludə olduğumuz bəzi vərdişlər əsasında formalaşan manipulyativ üsullar, yayılmış dezinformasiyalar, gənc nəslin gələcəkdə idarəolunan və zombiləşdirilmiş kütləyə çevrilməsi təhlükəsini gündəmə gətirir. İdrak savaşlarının bir digər təzahürü isə demoqrafik proseslərə müdaxilədir. Yer kürəsində gələcəkdə körpələrin doğum sayının azalması problemi artıq bu gündən nəzərə çarpır. “Əhali artımı resurs çatışmazlığı yaradır” tezisi əsasında əhali sayının azaldılmasına yönəlmiş transmilli layihələrə böyük maliyyə vəsaitləri ayrılır.

Sosial media platformaları bu prosesdə mühüm rol oynayır. Orada təqdim edilən real olmayan həyat tərzləri, süni xoşbəxtlik və “ideal münasibətlər” gənclərdə qeyri-real gözləntilər yaradır. Bu da ailədaxili narazılıqlara, boşanma hallarının artmasına və münasibətlərin səthiləşməsinə səbəb olur. “Azad ol”, “özünü reallaşdır”, “ailə səni məhdudlaşdırır” kimi çağırışlar fərdləri ailədən uzaqlaşdırır, şəxsi maraqları ümumi məsuliyyətlərdən üstün tutmağa sövq edir.

Bununla yanaşı, analıq və atalıq institutları, nəsillərarası mənəvi borc və məsuliyyət anlayışları getdikcə daha çox dəyərdən salınır. Bu da valideynlər və övladlar arasında münasibətlərin pozulmasına, nəticədə isə ailədaxili konfliktlərin artmasına səbəb olur. Belə münaqişələr valideynlərin daha çox uşaq sahibi olmaqdan imtina etməsinə gətirib çıxarır.

İdrak savaşları milli-mənəvi dəyərlərin zəifləməsi, nəsillərarası bağların qopması və cəmiyyətdə münasibətlərin aqressivləşməsi ilə nəticələnir. Media və sosial şəbəkələrdə bu tip hadisələrin geniş işıqlandırılması isə cəmiyyətə mənfi təsir göstərir və münaqişələrin artmasına səbəb olur.

Koqnitiv müharibələrin ən təhlükəli üsullarından biri vizual süjetlər vasitəsilə həyata keçirilən manipulyasiyalardır. Bu süjetlərdə insanlar əxlaqi və ideoloji cəhətdən kateqoriyalara ayrılır, nəticədə cəmiyyət daxilində parçalanma meyilləri artır. İnsanlar arasında etimad azalır, qarşılıqlı münasibətlərdə nəzakət və empatiya yox olur, nəticədə cəmiyyət asanlıqla yönləndirilə bilən formaya salınır.

Bütün bu təsirlər ailə institutunun zəiflədilməsinə, milli-mənəvi dəyərlərin aradan qaldırılmasına və bunun əvəzində yad ideologiyaların yeridilməsinə xidmət edir. Bu məqsədlə marketinq kampaniyaları, reklam çarxları, süni endirimlər, zərərli vərdişlərin təşviqi kimi üsullardan geniş istifadə edilir. Ən acınacaqlısı isə odur ki, bu təsirlər cizgi filmləri, oyunlar və sosial media vasitəsilə uşaqlara və yeniyetmələrə ünvanlanır.

İdrak savaşlarının əsas qayəsi tarixə, təhsilə və tərbiyə sisteminə müdaxilə etməklə milli özünüdərki silmək, xalqın təfəkküründə yeni mənzərə formalaşdırmaqdır. Ona görə də bu müharibələrə qarşı kompleks əks tədbirlər hazırlanmalı, strateji proqram və konsepsiyalar həyata keçirilməlidir.

Xüsusilə Şərq ölkələri ailə institutuna böyük önəm verdiyi üçün bu sahədə dəyərlərin qorunması və dəyişikliklərə qarşı mübarizə xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin sosial kodlaşdırılmasına qarşı aparılan kütləvi hücumlara qarşı strateji yanaşmalar, milli həmrəylik və təhsil vasitəsilə effektiv cavab verilməlidir.

Texnologiyanın inkişafı nəticəsində beyin-çip texnologiyalarının, süni intellektin və neyroşəbəkələrin koqnitiv savaşlarda geniş istifadə olunması ehtimalı getdikcə artır. Bu texnologiyaların gələcəkdə hərbi məqsədlərlə istifadə olunmayacağına heç bir zəmanət yoxdur.

Sonda qeyd etmək lazımdır ki, idrak savaşlarına qarşı uğurlu mübarizənin əsas şərti milli özünüdərki qorumaq, təhsil və tərbiyə sistemində milli-mənəvi dəyərləri prioritet kimi müəyyənləşdirməkdir. Eyni kökdən olan xalqların həmrəyliyi və birgə fəaliyyəti yad ideologiyalara qarşı ən təsirli cavab olacaq, gələcək nəsillərin sağlam təməllər üzərində formalaşmasına böyük töhfə verəcək.