“Bu əməkdaşlıq region və dünya üçün faydalı nəticələr verəcək” Gündəm

“Bu əməkdaşlıq region və dünya üçün faydalı nəticələr verəcək”

“Azərbaycanla Çin arasında münasibətlər son illər inkişaf etməkdədir. Təbii ki, burada Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin şəxsi təşəbbüslərinin və siyasi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdikləri cəhdlərin çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin Çinə səfəri iki ölkə arasında əlaqələri yeni bir mərhələyə daşıyır. Çin dünyanın inkişaf etmiş ölkələrindəndir. İstər siyasi, istər texnoloji, istər hərbi və s. istiqamətlərdə böyük gücdür. Eləcə də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləmiş dövlətlərdəndir. Azərbaycan da vahid Çin siyasətini dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri bu münasibətlərin yeni və möhtəşəm mərhələsinin açılması deməkdir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

M.Göyüşlü vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq həm region, həm də dünya üçün faydalı nəticələr verəcək və bu qarşılıqlı səfərlərdən, əməkdaşlıqdan təkcə tərəflər deyil, həm də bəşəriyyət müsbət məqamları görə biləcək: “Artıq iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə keçir və bu əlaqələrin qurulmasının 33 illiyidir. Çox böyük bir yol qət edilib. Ən əsas məsələ dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü tanıması və bu mənada dəstək verməsidir. Bu, çox önəmli məsələdir. Hesab edirəm ki, bu məqamda ilk olaraq dövlət başçılarının rəhbərlərinin görüşülən məsələlərin üzərində dayanması çox önəmlidir. Burada biz ictimai siyasi əlaqələrin də qurulmasını mühaşidə edirik. Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında dialoqun genişlənməsi diqqətdədir”.

Siyasi şərhçi “Bir kəmər, bir yol” layihəsini xüsusi qeyd edərək əlavə edib ki, İpək Yolunun dirçəldilməsi təşəbbüsü çox önəmli bir məsələdir və hər iki dövlətin 2030-cu ilə qədər sosial inkişaf strategiyasını əsas götürməsi bu mənada ticari, iqtisadi və digər istiqamətlərdən də əməkdaşlığın inkişafı deməkdir: “Bunu müsbət qiymətləndiririk. Sənaye sahəsində əməkdaşlıq, enerji keçidi məsələsi, nəqliyyat kommunikasiya sahəsində əlaqələr - bütün bunlar hamısı müsbət məqamlardır. Çinin bu sahədə çox böyük təcrübəsi və imkanları var. Təbii ki, qarşılıqlı olaraq bunları bölüşməsi də önəm daşıyır. Eləcə də elmi-tədqiqat müəssisələri, tələbə mübadiləsi, mədəni və yaradıcı kollektivlərin əməkdaşlığı, turizm siyasətinin genişləndirilməsi, viza rejiminin aradan qaldırılmasının sadələşdirilməsi və s. istiqamətlərdə olan məsələlər önəmlidir. Təbii ki, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq da iki ölkə arasında münasibətləri yeni bir mərhələyə daşıyan önəmli məqamdır. Bütün bunlar hamısı Azərbaycanın növbəti bir diplomatik uğurudur”.

Röya İsrafilova