

“Hesab edirəm ki, Bakıda Qlobal Cənub Platformasının təsis edilməsi Azərbaycanın QHT sektorunun növbəti uğuru kimi tarixə düşəcək. Çünki bu gün Bakıda sözün əsl mənasında növbəti bir tarix yazılacaq. Elə bir tarix ki, məhz bu gün Bakıda Qlobal Cənub Platformasının təsis edilməsi ilə dünyanın üçdə iki hissəsini təşkil edən ölkələrin QHT təmsilçilərinin Azərbaycanın paytaxtında bir araya gəlməsi ilə həm də gələcək dünyada QHT-lərin rolunun necə olacağı müəyyənləşəcək. Deməli, onun müəyyən edilməsi üçün mərkəz Bakı olacaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
N.Azəri vurğulayıb ki, gələcəkdə bundan sonra cərəyan edən proseslərdə Qlobal Cənub Platformasının əldə etdiyi hər bir uğurun arxasında məhz Bakıda keçirilən təsis konfransının durduğu bəyan ediləcək: “Bu, Azərbaycan QHT-lərinin son vaxtlar daha mütəşəkkil və uğurlu fəaliyyətinin bariz nümunəsidir. Çünki məlumat üçün qeyd edim ki, Qlobal Cənub Platformasının yaranması təşəbbüsü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində özü də məhz Azərbaycan tərəfindən səsləndirilib. Həmin vaxt Azərbaycan Milli QHT Forumunun bu istiqamətdəki təklifi dünyanın aparıcı QHT-ləri tərəfindən dəstəklənib və o dəstək bu gün həmin platformanın Bakıda təsis olunması ilə yeni mərhələyə qədəm qoyacaq. Onu da qeyd edim ki, bu həm də Azərbaycan QHT sektorunun qlobal proseslərə, çağırışlara hazır olduğunu təsdiq edir. Digər tərəfdən isə Azərbaycanın başqa məsələlərdə olduğu kimi dünyada cərəyan edəcək QHT-lərlə bağlı proseslərdə də mərkəz, istiqamətverici rolunda çıxış edəcəyini nümayiş etdirir”.
Röya İsrafilova