“Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ruhu yüksəkdir” Gündəm

“Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ruhu yüksəkdir”

“İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycan İran münasibətlərində yeni səhifə açır. Belə ki, səfər çərçivəsində dövlət başçılarımız arasında aparılan müzakirələr, geniş tərkibdə keçirilmiş görüşdə səsləndirilmiş fikirlər, imzalanmış sənədlər və biznes forumun keçirilməsi əməkdaşlığımızda yeni dövrün başlanğıcı olduğunu hesab edirəm. Çünki Azərbaycanla İran arasında məlum məsələlərdən sonra bir soyuqluq hökm sürürdü. Amma İran Prezidentinin ölkəmizə rəsmi səfər etməsi ilə bir çox məsələlərə aydınlıq gətirildi və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ruhunun yüksək olduğu bəyan olundu”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

A.Badamov vurğulayıb ki, dövlət başçılarının biznes forumda səsləndirdiyi fikirlər gələcəkdə ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsində böyük rol oynayacaq: “Çünki Azərbaycanla İran arasındakı ticari-iqtisadi dövriyyə bu günün ruhuna uyğun gəlmir. Ölkələrimiz arası iqtisadi əməkdaşlığın dərinləşdirilməsində istifadə olunmamış potensial çox böyükdür. Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizləri və Araz dəhlizində əməkdaşlıq qurmaqla qarşılıqlı fayda və hörmət əsasında daha da yüksək nəticələrə nail olmaq mümkündür. Ölkə başçımızın Cənub-Şimal nəqliyyat dəhlizi boyunca yeni müəssisələrin yaradılması ilə bağlı ifadə etdiyi fikir gələcək əməkdaşlığımızın şaxələndirilməsinə, qarşılıqlı investisiyaların yatırılmasına və biznes strukturları arasında əməkdaşlığın genişlənməsinə yol açacaq. Araz dəhlzi vasitəsilə avtomobil və dəmir yollarının çəkilməsi ölkələrimizə yeni imkanlar qazandıracaq”.

Deputatın sözlərinə görə, Azərbaycanla İran yaxın qonşu, qohum və eyni tarixi, dini, mədəni, adət-ənənələrə malik ölkələrdir: “Müəyyən səbəblərdən ölkələrimiz arası münasibətlər heç də istəklərimizə uyğun olmayıb. Amma Məsud Pezeşkianın ölkəmizə rəsmi səfərindən sonra Azərbaycan İran münasibətlərində yeni bir səhifənin başlanğıcı olacağını hesab edirəm”

Röya İsrafilova