“Münasibətlərimiz yüksələn xətlə inkişaf edəcək” Gündəm

“Münasibətlərimiz yüksələn xətlə inkişaf edəcək”

“Nəhayət ki, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə gözlənilən səfəri baş tutdu. Bilirik ki, M.Pezeşkian etnik milli köklər baxımından İranda yaşayan azərbaycanlıdır, 40 milyondan çox soydaşımızdan biridir. Bu baxımdan da İranın həm qonşu dövlət kimi, həm də elə özünün milli kökləri baxımından ilk səfərini Azərbaycana edəcəyi gözlənilən idi. Lakin səfər bu günə qədər gündəmə gətirilsə də gerçəkləşmirdi”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı söyləyib.

Politoloqun sözlərinə görə, bu səfərin gerçəkləşməməsinin səbəbini də diplomatik əlaqələrdəki gərginliklə əlaqələndirmək mümkündür: “Təbiidir ki, diplomatik əlaqələrdə gərginlik yaradan yeganə amil Tehran administrasiyasının fars rejiminin ölkəmizə qarşı qeyri-tolerant münasibətinin mövcud olması ilə bağlıdır. Şovinist ideologiyanın bəzi məqamlarda işə salınması təbiidir ki, dövlətlər arasında münasibətlərə xələl gətirməmiş deyil. Biz bu prinsipləri həmçinin 44 günlük Vətən müharibəsində Ermənistana həm sözlü, həm praktiki mənada verilən dəstəklə daha bariz gördük. İran öz müsəlman qardaşına dəstək olmaq əvəzinə Ermənistanın təhlükəsizliyinə qarantor dövlət kimi çıxış etdi və Azərbaycanın haqq işi uğrunda mübarizəsini özünün qırmızı cizgisinin aşılması kimi qələmə verməyə çalışdı”.

Z.Ruslanqızı bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum artıq bardağı daşıran son məqam oldu: “Artıq diplomatik əlaqələrdə çatlar yaranmış oldu. Təbiidir ki, Azərbaycan Prezidentinin də bir neçə dəfə müxtəlif platformalarda qarşı tərəfə yönəlik mesajları oldu. Bildirdi ki, biz çoxvektorlu siyasət yürüdən, tarazlaşdırılmış xarici siyasi əlaqələrə üstünlük verən dövlətik və eyni prinsipləri İrana da şamil edirik. Heç vaxt Azərbaycan ərazisindən İrana qarşı mübarizədə istifadə olunmasına yol verilməyib, Azərbaycan poliqon ərazi kimi heç vaxt istifadə olunmayıb. Azərbaycan tərəfindən İranın təhlükəsizliyinə xələl gətirəcək heç bir addım atılmayıb. Belə olduğu halda rəsmi Bakının qarşı tərəfdən adekvat duyarlılığı gözləməyə də haqqı var. Ancaq təəssüflər olsun ki, bu adekvatlıq nəinki qorunmayıb, çox kobud formada hörmətsizliklər nümayiş olunub. Ona görə də bu addımların qarşısı alınmalı, icrası dayandırılmalı və səfirliyimizə olan terror aktının səbəbləri daha ciddi şəkildə araşdırılmalı, cinayətkarlar öz həqiqi cəzasını almalıdır”.

O qeyd edib ki, Pezeşkianın bu səfərinin gecikməsində də bu nüanslar mühüm rol oynayırdı: “Pezeşkianın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə keçirilmiş məhdud və geniş tərkibdə görüşlərdə dövlətlərarası münasibətlər, həmçinin Azərbaycan-Ermənistan münasibətləri və s. məsələlər müzakirə olundu. İnanırıq ki, bu səfərdən sonra Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edəcək”.

Röya İsrafilova