

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərinin baş tutması İran Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcı kimi dəyərləndirilməlidir. Cənab Prezident İlham Əliyevlə İran Prezidentinin çox səmimi görüşü və qarşılıqlı çıxışları zamanı ölkələr arasında münasibətlərin yüksək səviyyəyə çatdırılmasına dair müsbət yanaşmanın hiss olunması onu deməyə imkan verir ki, bu münasibətləri inkişaf etdirmək üçün çox böyük potensial var. Xüsusilə də mədəni, dini və soykök baxımından da qohumluq əlaqələrinin olması bu işi daha da asanlaşdıra bilər. Həmçinin hər iki ölkənin çox strateji ərazidə yerləşməsi də imkan verir ki, qarşılıqlı maraqlar təmin edilmək şərti ilə çox böyük iqtisadi layihələr də həyata keçirilsin”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Depuatat əlavə edib ki, imzalanmış sənədlər, daha sonra keçirilmiş biznes forumda çıxışlar zamanı da çox maraqlı fikirlər səsləndirildi: “Əsasən də Cənab Prezident İlham Əliyevin Araz dəhlizi layihəsi haqqında söylədiyi fikirlərdən belə bir qənaətə gəlmək olar ki, tezliklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında istifadəyə veriləcək avtomobil və dəmir yolları həm sərnişin daşımasında, eyni zamanda, yüklərin daşınmasında tək Azərbaycan və İran üçün yox, region dövlətlər üçün çox böyük önəm daşıyacaq bir layihə halına gələcək”.
N.Həmzəyevin sözlərinə görə, həmçinin İran və Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı razılığın əldə olunması onu deməyə imkan verir ki, tezliklə həm Azərbaycanda, həm İranda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi bərpa ediləcək: “Bu da münasibətlərin irəliyə aparılmasına və mədəni layihələrin çoxaldılmasına çox böyük təkan olacaq. Bir sözlə, bu, başlanğıc kimi dəyərləndirilməlidir. Tezliklə İran Prezidentinin Azərbaycana növbəti səfəri planlaşdırılır və böyük ehtimalla yaxın gələcəkdə Cənab Prezident İlham Əliyevin də İrana səfəri baş tutacaq. Bununla münasibətlərimizin daha da irəli aparılması, inkişaf etdirilməsi mümkün olacaq. Bu yeni səhifə əvvəlki dövrdə baş tutmuş müəyyən xoşagəlməz hadisələrin təkrarlanmaması və daha möhkəm əlaqələrin qurulması üçün əla bir fürsət kimi dəyərləndirilməlidir. Biz də bu səfərin, yeni qurulan dostluq və qardaşlıq münasibətlərinin nəticə etibarı ilə hər iki ölkə, hər iki ölkənin xalqları üçün çox böyük fayda verəcəyinə ümidliyik”.
Röya İsrafilova