Kəlbəcərdə İstisu ərazisində su ehtiyatlarının radioaktiv tərkibi öyrənilib İqtisadiyyat

Kəlbəcərdə İstisu ərazisində su ehtiyatlarının radioaktiv tərkibi öyrənilib

Radiasiya Problemləri İnstitutu tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan radioekoloji tədqiqatların davamı olaraq Kəlbəcər rayonunun İstisu ərazisində su ehtiyatlarının keyfiyyət xarakteristikalarını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

APA AMEA-nın saytına istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinatorluğu ilə həyata keçirilən ekspedisiyaya institutun laboratoriya rəhbəri, kimya elmləri doktoru Xəqani Məmmədov rəhbərlik edib. Ekspedisiyanın əsas məqsədi sularda radioaktiv radon qazının qatılığının təyin edilməsi olub.

Tədqiqatlarda Radiasiya Problemləri İnstitutunun “RAD7”, “Radiogem”, “İnspector-1000” və xüsusi “İzotop” kombinatının “Alfaguard” cihazlarından istifadə olunub. Alınan nəticələr Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Ətraf Mühit Agentliyinin standartları ilə müqayisə olunub. 5 su mənbəyində aparılan tədqiqatlar göstərir ki, bu sularda radon-radioaktiv izotopunun qatılığı yol verilən həddi keçmir.