Qusarda istehlakçıların maarifləndirilməsinə dair tədbir İqtisadiyyat

Qusarda istehlakçıların maarifləndirilməsinə dair tədbir

Tural

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə Dövlət Xidmətinin təşkilatçılığı ilə növbəti konfrans dekabrın 18-də Qusar rayonunda keçirilmişdir. "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda təşkil edilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 100-dən çox istehlakçı iştirak etmişdir.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulamış, bu istiqamətdə Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2015-ci ilin ötən aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 80 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
Konfransda həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir. Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışlar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.