Pərviz Şahbazov: Bu il Azərbaycanın 24 mlrd. kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir İqtisadiyyat

Pərviz Şahbazov: Bu il Azərbaycanın 24 mlrd. kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir

Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya tədarük ediləcək.

"APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur.

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “Həmrəylik halqası” layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər.

"Biz layihələri təkcə kommersiya baxımından deyil, həm də strateji baxımdan planlaşdırırıq. Xəzər dənizinin bütün növ enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması həmişə paralel və ardıcıl şəkildə aparılıb və aparılmalıdır", - nazir qeyd edib.

O əlavə edib ki, hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir.

"Əsas mənbə zəngin qaz ehtiyatlarımızdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlarımız 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. Abşeron, Qarabağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi və tərəfdaşlarımıza ixrac ediləcəyi gözlənilir", - Pərviz Şahbazov bildirib.