Dövlət büdcəsində profisit yaranıb İqtisadiyyat

Dövlət büdcəsində profisit yaranıb

Maliyyə Nazirliyi 2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin icrası ilə bağlı məlumatları açıqlayıb. Sənədə əsasən bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 18.843 milyard manat, xərcləri 16.052 milyard manat olub, 2.791 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. Bu müsbət göstərici olmaqla yanaşı, həm də o deməkdir ki, növbəti aylarda minimum əməkhaqqının, digər sosial xərclərin artırılması üçün büdcədə yeni imkanlar var.
Dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 1902,3 milyon manat və ya 11,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3363,0 milyon manat çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18,0 faiz çox icra edilməklə 12452,4 milyon manatdır.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 8282,4 milyon manatı və ya 44,0 faizi vergi daxilolmalarının, 6390,5 milyon manatı və ya 33,9 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3252,2 milyon manatı və ya 17,3 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250,0 milyon manatı və ya 1,3 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 408,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşüb.
2024-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin altı aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 1053,8 milyon manat və ya 14,6 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 418,2 milyon manat və ya 14,8 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 26,2 faiz, sair daxilolmalar üzrə 328,3 milyon manat və ya 5,1 dəfə çox daxilolmalar təmin edilib.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 58,5 faizini və ya 5875,1 milyon manatını vergi daxilolmaları, 32,4 faizini və ya 3252,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,4 faizini və ya 241,5 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 2,4 faizini və ya 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 4,1 faizini və ya 408,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 17,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8797,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 320,9 milyon manat və ya 3,8 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2148,9 milyon manat və ya 32,3 faiz çoxdur.
2024-cü ilin altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizi və ya 2407,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 faizi və ya 6390,5 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,5 faizi və 1167,0 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,6 faizi və ya 833,3 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizi və ya 406,9 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16052,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2297,8 milyon manat (16,7 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 43,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin 9833,8 milyon manatı və ya 61,3 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 115,0 milyon manat və ya 1,2 faiz çox), 4948,0 milyon manatı və ya 30,8 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1034,3 milyon manat və ya 26,4 faiz çox), 1270,3 milyon manatı və ya 7,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 839,5 milyon manat və ya 2,9 dəfə çox) yönəldilmişdir.
2024-cü ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq dövlət büdcəsinin təhsil xərcləri 131,5 faiz icra edilməklə 2239,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 126,9 faiz icra edilməklə 3047,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 123,1 faiz icra edilməklə 2091,5 milyon manat, kənd təsərrüfatı xərcləri 119,0 faiz icra edilməklə 491,0 milyon manat, səhiyyə xərcləri 114,7 faiz icra edilməklə 803,0 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 105,0 faiz icra edilməklə 1161,0 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 134,6 faiz icra edilməklə 2428,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 99,7 faiz icra edilməklə 2904,8 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 92,9 faiz icra edilməklə 199,8 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 90,9 faiz icra edilməklə 128,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 86,4 faiz icra edilməklə 450,0 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 78,4 faiz icra edilməklə 107,7 milyon manat təşkil etmişdir.
2024-cü ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin 51,1 faizi və ya 1953,5 milyon manatı istifadə olunmuşdur.
2024-cü ilin ilk altı ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 42,9 faizi və ya 1064,9 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 306,2 milyon manat və ya 40,4 faiz çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 27,2 milyon manat vəsaitin 25,2 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 92,6 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə və digər tədbirlərin icrasına sərf olunmuşdur.
2024-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1100,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,02 milyon manat), cəmi 1270,3 milyon manatın ödənilməsi təmin edilmişdir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5367,5 milyon ABŞ dolları ekvivalentinə bərabər olmuşdur. Daxili dövlət borcu 2024-cü il 1 iyul tarixinə 16,6 milyard manatdır.
2024-cü ilin birinci yarımilliyində icmal büdcənin gəlirləri 24352,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2434,3 milyon manat və ya 9,1 faiz az, xərcləri isə 18198,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2487,5 milyon manat və ya 15,8 faiz çoxdur. İcmal büdcədə 6153,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Mahir