Qarabağın iqtisadiyyatına dövlət investisiyaları artır İqtisadiyyat

Qarabağın iqtisadiyyatına dövlət investisiyaları artır

Ölkə iqtisadiyyatına sərmayə yatırımlarında artım meyilləri müşahidə olunur. Aydın məsələdir ki, investisiya qoyuluşlarında artım dinamikası olmadan iqtisadi artıma nail olmaq mümkün deyil. 2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7,985 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artıb. Müsbət haldır ki, hər iki sektorda artım var. Adətən son illər neft-qaz sektoruna sərmayə yatırımlarında azalma qeydə alınırdı.
İstifadə olunmuş investisiyanın 4,373 milyard manatı və ya 54,8 faizi məhsul istehsalı sahələrinə, 2,747 milyard manatı (34,4 faizi) xidmət sahələrinə, 864,3 milyon manatı (10,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 6452,0 milyon manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5513,4 milyon manatı və ya 69,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Göründüyü kimi, daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Məsələn, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.
İşğaldan azad olunmuş Qarabağda bərpa və quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 12 milyard manat xərcləyib. Əvvəl 2023-cü ilin dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 3 milyad manat ayrımışdı, sonradan büdcəyə dəyişiklik edilməklə bu məbləğ daha 2,260 milyard manat artırılaraq 5,3 milyard manata çatdırıldı. Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 3 milyard 825 milyon manatdan 4 milyard 855 milyon 800 min manata çatdırılıb. Bu artımı şərtləndirən amillər - Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi və s. xərclərin tələb olunmasıdır.
Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur. Dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3 milyard 249,4 milyon manat və ya 8,9 faiz çoxdur.
Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Sözügedən prioritetlərin icrasının təmin edilməsi məqsədilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Strategiyada 4-cü Milli prioritetin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı” çərçivəsində icrası nəzərdə tutulmuşdur.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı təsdiq olunub.
Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.
Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Zəngilan və Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilir.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

Mahir Həmzəoğlu