Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə təxminən 8 milyon dollar olub, bu da illik müqayisədə müvafiq olaraq 4,4% azalıb və 2,7 dəfə artıb.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Qeyd olunub ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabata əsasən, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr səviyyəsində olub.