Taxıl istehsalı və ərzaq təhlükəsizliyi problemi İqtisadiyyat

Taxıl istehsalı və ərzaq təhlükəsizliyi problemi

Ölkədə taxıl yığımı başa çatmaq üzrədir. Taxıl və çörək ciddi ərzaq təhlükəsizliyi məsələsi olduğundan bu sahədə istehsal diqqət mərkəzindədir. Xüsusən də dünyadakı iqlim dəyişiklikləri və regional müharibələrin davam etdiyi bir şəraitdə bu mövzu daha da aktullaşıb.

AR Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin avqust ayına olan rəqəmlərə görə payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2937,3 min ton məhsul toplanmış, məhsuldarlıq 30 sentnerə bərabər olmuşdur. Məhsulun 1680,3 min tonunu və yaxud 57,2 faizini buğda, 1227,4 min tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1,0 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir. Bunlarla yanaşı, məhsuldarlığın aşağı olması narahatlıq doğurmaya bilməz. Hər hektara 30 sentner kiçik rəqəmdir, dünyada bəzi ölkələrdə bu rəqəm 50-dən yuxarıdır.

Respublikanın 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur. Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olmuşdur.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97,0 min ton) rayonlarında müşahidə olunmuşdur.

Burada diqqqət çəkən məqam Füzuli rayonun da taxıl istehsalındakı artımdır. İşğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə çəlb edilməsi müsbət haldır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandalıq əsas sahələr olacaq. Qarabağda 1,213 milyon hektar torpaq sahəsinin yarısı - 591,776 min hektarı əkinə yararlı torpaq sahələri, 231,056 min ha əkin sahəsi, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahələrdir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlar üzrə 139,814 ha ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7%-i qədərdir. Bunun 76,827 hektarını taxıl (ölkə üzrə 14,3%-i), 8165 ha pambıq (ölkə üzrə 2,7%-i), 1889 ha tütün (ölkə üzrə 11,6%-i), 774 ha kartof (ölkə üzrə 3,3%-i), 955 ha tərəvəz (ölkə üzrə 2,3%-i), 410 ha bostan (ölkə üzrə 5,3%-i), 2435 ha meyvə və giləmeyvə (ölkə üzrə 1,8%-i), 48359 ha üzüm (ölkə üzrə 24,7%-i) sahələri təşkil edirdi.

Çox münbit və məhsuldar torpaqlara malik Qarabağda taxıl, pambıq, üzüm, tütün, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə istehsalı ənənəvi sahələrdir. 1980-ci illərdə ildə regionda 200 min tona yaxın taxıl (ölkə üzrə taxıl istehsalının 14%-i qədər), 20,8 min ton pambıq (ölkə üzrə 3,4%), 4,7 min ton, tütün (ölkə üzrə 8,1%), 3 min ton kartof (ölkə üzrə 1,8%), 9,61 min ton tərəvəz (ölkə üzrə 1,1%), 2,18 min ton bostan məhsulları (ölkə üzrə 3,4%), 1,72 min ton meyvə və giləmeyvə (ölkə üzrə 0,4%), 320 min ton üzüm (ölkə üzrə üzüm istehsalının 25,5%-i qədər) istehsal olunurdu. Göründüyü kimi, ənənəvi sahələr arasında üzümçülük, taxılçılıq və tütünçülük həm əhatə etdiyi əkin sahələrinə, həm də istehsal həcminə görə daha yüksək xüsusi çəkiyə malik olmaqla üstün və inkişaf etmiş sahələr olmuşdur.

İşğaldan azad olunmuş torpaqlarda istehsal olunacaq kənd təsərrüfatı məhsullarının ölkə üzrə aqrar sektorun 8-10%-ni əhatə edəcəyi, habelə yerli taxıl istehsalının 10 faizini verəcəyi, ildə 350-400 min ton taxıl istehsal olunacağı gözlənilir. Əlbəttə, ildə 400-500 min ton əlavə taxıl istehsalı idxaldan asılılığı müyyən qədər azaltsa da, tam aradan qaldırmayacaq. Nəzərə alsaq ki, Azərbaycan əlavə olaraq ildə 1.4-1.5 milyon ton taxıl idxal edir, bu baxımdan real mənzərə ortalıqdadır. Mühüm olan taxıl istehsalında məhsuldarlığı 2 dəfə artırmaq, fermerlər üçün gübrənin qiymətlərini əlçatan etmək və istehsalçılara praktiki və real dövlət dəstəyini artırmaqdır.

Şübhəsiz ki, yerli istehsal bu il də Azərbaycanın tələbatını ödəməyəcək və xaricdən əlavə olaraq 1.3-1.5 milyon ton taxıl idxal ediləcək. Ölkədə yenidən tək buğda, un və çörəyin deyil, digər ərzaq məhsullarının qiymətlərinin qalxacağı ətrafında müzakirələr gedir. Bu həm mövsümi amillərlə, həm dünya bazarında iqlim dəyişikliklərinin və regional müharibələrin aqrar sektora vurduğu ziyanla bağlıdır. 2024-cü ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım proqnozlaşdırılsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır. Ancaq hökumətin imkanları var ki, müxtəlif iqtisadi alətlərdən istifadə etməklə unun və çörəyin qiymətlərini tənzimləsin, çörəyin bahalaşmasının qarşısını alsın. Məhz indi baş verən prosesləri nəzərə alan iqtisadçı ekspertlər zaman-zaman ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayırlar. İndi bu məsələ bir daha aktullaşır. Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənəvi sahə kimi kənd təsərrüfatının yenidən dircəldilməsinədir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2024-cü ildə qlobal taxıl istehsalı ilə bağlı son proqnozu iyul ayında 7,9 milyon ton (0,3 faiz) artırılıb və hazırda 2023-cü ildən bir qədər çox olmaqla 2 854 milyon ton səviyyəsində müəyyən edilib. Bu, bütün zamanların ən yüksək göstəricisidir. Aylıq artım taxıl istehsalı üzrə yaxşılaşmış perspektivləri əks etdirir, dünya istehsalı proqnozu iyun ayı proqnozu ilə müqayisədə 0,4 faiz artaraq 1530 milyon tona, buğda üçün isə 0,3 faiz artaraq 789 milyon tona çatdırılıb. Proqnozlar Argentina və Braziliyada qarğıdalı məhsulu üçün daha yaxşı istehsal gözləntilərinə əsaslanır. İki ölkədə məhsuldarlıq proqnozları əvvəlki aylardakı dəyişkən şəraitdən sonra daha əlverişli hava şəraitini əsaslanaraq yüksəldilib.

FAO-nun hesabatına əsasən, dünyanın kiçik fermerləri dünya ərzağının təxminən üçdə birini istehsal edir və bu, bütün dünya üzrə kənd təsərrüfatı sistemlərinə və iqtisadiyyatlarına əhəmiyyətli dərəcədə töhfə verir. Bununla belə, onların əmək məhsuldarlığı daha yüksək gəlirli ölkələrdə daha aydın fərqlərlə daha iri istehsalçılardan geri qalmaqda davam edir. Hesabat verən ölkələrin 90 faizində kiçik miqyaslı ərzaq istehsalçıları da iri miqyaslı qida istehsalçılarının orta illik gəlirinin yarısından azdır. Torpaq mülkiyyəti sahəsində də bərabərsizliklər davam edir. Qiymətləndirilən ölkələrin üçdə birində kənd təsərrüfatı istehsalı ilə məşğul olan qadınların və kişilərin 50 faizindən azının kənd təsərrüfatı torpaqları üzərində mülkiyyət və yaxud təminat hüququ vardır. Torpaq sahibləri arasında mülkiyyətə malik olan kişilərin payı ölkələrin demək olar ki, yarısında qadınlardan ən azı iki dəfə çoxdur. Qadınların torpaq (kənd təsərrüfatı torpaqları ilə məhdudlaşmır) hüquqlarının hüquqi müdafiəsi səviyyəsi haqqında məlumat verən 71 ölkədən 60 faizə yaxınında qanunda qadınların torpaq hüquqlarının müdafiəsi yoxdur, çox aşağı və ya aşağı səviyyədədir.

Dayanıqlı İnkişaf üzrə BMT-nin 2030-cü il gündəliyinin həyata keçirilməsi ilə bağlı son məlumatlar göstərir ki, ərzaq və kənd təsərrüfatı ilə bağlı Dayanıqlı İnkişaf Mədsədləri (DİM) hədəflərinin əksəriyyəti hələ də əldə olunmaqdan uzaqdır. COVID-19 pandemiyasının davamlı təsirləri, iqlim dəyişikliyi və silahlı münaqişələr kimi digər böhranlarla birlikdə, yoxsulluq, ərzaq təhlükəsizliyi və qidalanma, sağlamlıq və ətraf mühit də daxil olmaqla 2030-cu il Gündəliyi çərçivəsində bütün ölçülərə geniş təsir göstərir. Son iki onillikdə əldə edilən irəliləyiş durğunluq yaratdı, bəzi hallarda hətta əksinə oldu, yoxsulluğun və aclığın aradan qaldırılması, sağlamlığın və qidalanmanın yaxşılaşdırılması və iqlim dəyişikliyi ilə mübarizədə çətinlikləri daha da gücləndirib.

Mahir Həmzəoğlu