Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib İqtisadiyyat

Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“APA-Economics” xəbər verir ki, bu barədə AMB sədri “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Görüş zamanı DB-nin 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin mühüm istiqamətləri, davam edən investisiya layihələrinin cari statusu, eləcə də DB tərəfindən COP29 çərçivəsində göstərilə biləcək dəstək ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Görüşdə həmçinin qurumlar arasında mövcud əlaqələrin daha da genişləndirilməsi perspektivlərini və yaşıl taksonomiyanın hazırlanması üzrə DB-nin dəstək imkanlarını müzakirə etdik” - deyə baş bankir paylaşımda bildirib.