"Uniper" şirkəti Azərbaycan qazının alışını artıra bilər İqtisadiyyat

"Uniper" şirkəti Azərbaycan qazının alışını artıra bilər

Almaniyanın "Uniper" şirkəti Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının alışını iki dəfə artırmaq niyyətindədir.

Bunu "APA-Economics"ə şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.

Onun sözlərinə görə, hazırda şirkət ildə 1,5 mlrd. kubmetr Azərbaycan qazı alır və həcmləri iki dəfə artıra bilər.

"Biz həcmləri artırmaq istəyirik və bu sahədə danışıqlar gedir. Lakin danışıqlar səviyyəsində olduğundan, mən bunun detallarını açıqlaya bilmərəm", - Rəşad Hüseynli bildirib.

O, qeyd edib ki, həcmlər əsasən infrastrukturun imkanlarından (artırılmasından -red) asılı olacaq və bu məsələdə SOCAR-a dəstək lazımdır, xüsusilə də, Avropa İttifaqı tərəfindən.

Rəşad Hüseynli onu da əlavə edib ki, hazırda bütün maliyyə qurumları qaz layihələrinə investisiya qoymaqdan çəkinir və yaşıl enerji layihələrinə üstünlük verir.

"Amma bizim niyyətimiz var və alınsa, biz artırmağa hazırıq", - "Uniper" nümayəndəsi qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.