Qarabağda yaşıl enerji zonası İqtisadiyyat

Qarabağda yaşıl enerji zonası

Bərpaolunan enerji mənbələrinin, xüsusən günəş və külək enerjisinin inkişafı, enerji səmərəliliyinin artırılması istiqamətində qarşıdakı dövrdə də işlər davam etdiriləcək. Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan tədbirlərə xüsusi diqqət yetiriləcək. Bu barədə baş nazir Əli Əsədov hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsi zamanı bildirib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin daha geniş və sürətli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biri həmin ərazilərin çoxsaylı minalardan və partlamamış sursatlardan təmizlənməsidir. Bu baxımdan, ANAMA və tədbirlərə cəlb olunmuş digər qurumlar fəaliyyətlərini daha da genişləndirməli və sürətləndirməlidirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqtasiya tədbirləri aparılmaqdadır və bu istiqamətdə nəzərdə tutulmuş strateji baxışlardan biri də bu ərazilərdə yaşıl enerji zonasının yaradılmasıdır. Yaşıl enerji zonası - enerji tələbatı yaşıl enerjidən (bərpa olunan enerji mənbələrindən) maksimum istifadə edilməklə təmin edilən və enerji dəyər zəncirində ekoloji təmiz və enerji baxımından səmərəli "yaşıl" texnologiyalardan istifadə edilən ərazidir. Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir.

Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanmışdır.

Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilmişdir. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcəkdir.

İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir: “Güləbird” SES - 8 MVt; “Suqovuşan-1” KSES - 4,8 MVt; “Suqovuşan-2” KSES - 3,0 MVt; “Kəlbəcər-1” KSES - 4,4 MVt.

Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək. Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanıb.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.

Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" anlayışı mühüm yer tutur. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.

“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. “Yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. Belə ki, KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, “ağıllı suvarma” texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılması, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrə Agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb.

Mahir Həmzəoğlu