“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb İqtisadiyyat

“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti 2024-cü ilin ilk yarısı üzrə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, şirkət 2024-cü ilin ilk yarısında 5,270 qızıl unsiya ekvivalentində (GEOs) qiymətli metal hasil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 77,5% azdır. 2023-cü ilin ilk yarısında bu rəqəm 23,391 unsiya təşkil edib.

"Anglo Asian" bu ilin yanvar-iyun aylarında 4,704 unsiya qızıl hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,1 dəfə azdır (2023-cü ilin I yarısında 14,623 unsiya qızıl).

Şirkətin mis hasilatı son bir ildə 1 870 tondan 100 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ilin ilk yarısındakı 44 696 unsiyadan bu ilin birinci rübündə 12 746 unsiyaya qədər azalıb.

“Anglo Asian Mining”in baş icraçı direktoru Rza Vəziri kəskin azalmanın səbəbini emalın qismən dayandırılması ilə əlaqələndirib: "Dövr ərzində emalın qismən dayandırılması səbəbindən hasilat əhəmiyyətli dərəcədə azaldı və nəticədə itki oldu. Xərclərə ciddi nəzarət edilməklə itki minimuma endirildi və dövr üzrə xalis borcun iki milyon dollardan az artması ilə nəticələndi".

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.