Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 48%-dək artıb İqtisadiyyat

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 48%-dək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 206,5 milyon manat təşkil edib, bu da proqnozla müqayisədə 176,1 milyon manat və ya 1,3% az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 260,3 mln. manat və ya 47,6% çoxdur.

“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4%-i və ya 3 620,8 mln.manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6%-i və ya 9 585,7 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Məlumata görə, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8%-i və 1 729,7 mln. manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergiləri üzrə daxilolmalar, 36,8%-i və ya 1 333,1 mln. manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 15,4%-i və ya 558 mln. manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergiləri üzrə daxilolmalar təşkil edir.