Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
6 Noyabr 21:50
Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 32 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb. Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 370-dən artıq daimi iş yeri yaradılıb.
Ağdam şəhəri ərazicə geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın bu ilin sonunda başlanacağı nəzərdə tutulur. İlk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır.
Bu isə o deməkdir ki, Ağdamda həm də minlərlə iş yerləri açılmalıdır. Artıq bu istiqamətdə də işlər görülür. Ağdam sənaye parkı yaradılıb, burada sahibkarlar üçün şərait var. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.
Artıq burada yerli sənayenin inkişafında müsbət meyillər nəzərə çarpmaqdadır. Belə ki, Ağdam Sənaye Parkında istehsal edilən dam örtükləri, divar kağızları, məsaməli hörgü blokları, dəmir və metal qapılar, jalüz, məhəccər və arakəsmələr, metal torlar və s məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa işlərində istifadə olunur. Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 1,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. İstehsal olunan məhsullar, əsasən Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və s. rayonlarda yeni kəndlərin salınmasında istifadə edilir.
Bu yax;nlarda Türkiyə kapitallı “Birlik Deri” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində dəri və dəri məmulatların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 20,8 milyon manat olan layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılacaq. İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur. Əslində Qarabağda təbii dərinin emalı və ondan müxtəlif məhsulların, xüsusən də geyim və ayaqqabı istehsalı perspektivli sahələrdən biridir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də Qarabağda biznesin inkişafına dəstək göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə öz biznesini quran bir sıra sahibkarlar agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə edib və etməkdə də davam edirlər. Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirən xidmət pəncərəsi fəaliyyət göstərir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə KOB dostu ofisləri yerləşir. Bu, bölgədə biznesin qurulmasına və inkişafına dəstək məqsədilə KOBİA-nı sahibkara daha yaxın edir.
KOBİA sahibkarların qarşılaşdığı çətinliklərin, inkişaf ehtiyaclarının öyrənilməsi üçün həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla müxtəlif istiqamətlər üzrə sorğular keçirir, sahəvi görüşlər təşkil edir. Eyni zamanda, KOB subyektlərindən agentliyə müxtəlif müraciətlər daxil olur. Sözügedən tədbirlərin nəticəsi olaraq, KOB-ların qarşılaşdıqları başlıca çətinliklərin maliyyə resurslarına, satış və bazarlara çıxışı, təcrübəli kadrların çatışmazlığı və s. ilə bağlı olduğu qeyd edilə bilər. Sahibkarların dövlətin dəstək mexanizmləri və güzəştlər, hüquqi prosedurlar barədə maarifləndirilməsinə, innovasiyaların və rəqəmsal həllərin tətbiqi barədə məlumatlılıq səviyyəsinin artırılmasına da ehtiyac var.
Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar 2023-cü il yanvarın 1-dən vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq.
Hazırda biznes üçün aktual məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq və burada biznes qurmaqdır. 2024-cü il mayın 1-nə bu istiqamətdə KOBİA-ya 1950-dən çox müraciət daxil olub. Müraciətlərin 1450-dən çoxu yerli, 500-dən çoxu isə xarici müraciətlərdir. Ümumi müraciətlərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.
Agentliyə müraciət edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstərilir. Qarabağın iqtisadi və investisiya potensialının yerli və xarici iş adamlarına təqdim olunması məqsədilə KOBİA tərəfindən xarici nümayəndə heyətləri ilə keçirilən görüşlərdə və digər tədbirlərdə məlumat verilir.
Cari ilin yanvar-sentyabr KOBİA tərəfindən 220 biznes plan hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib. Bu biznes planlar Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur. Biznes planların əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlardan 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1555 biznes planın hazırlanmasına dəstək göstərib.
Qeyd edək ki, KOBİA tərəfindən biznes planın hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş Agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB inkişafı mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planın hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planın hazırlanmasına dəstək təmin olunur. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planın hazırlanmasına dəstək üçün KOBİA-ya müraciət edə bilərlər.
Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Mahir Həmzəoğlu