Azərbaycanda 2025-2028-ci illərdə neft məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb İqtisadiyyat

Azərbaycanda 2025-2028-ci illərdə neft məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb

Gələn il Azərbaycanda cəmi 6 349,4 min ton neft məhsullarının istehsalı proqnozlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Sənədə əsasən, 2026-cı ildə qeyd olunan göstərici 6 189,5 min ton, 2027-ci ildə - 6 364,2 min ton, 2028-ci ildə isə 6 185,7 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, 2025-2028-ci illərdə neft məhsullarının istelsalında əsas pay avtomobil benzinlərinin və dizel yanacağının payına düşür.

Belə ki, 2025-ci ildə ölkə üzrə avtomobil benzinlərinin istehsalı 1 733,3 min ton, 2026-cı ildə - 1 639,8 min ton, 2027-ci ildə - 1 811,9 min ton, 2028-ci ildə isə 1 683,4 min ton olacağı proqnozlaşdırılır. Sadalanan illər üzrə ölkədə dizel yanacağı istehsalı müvafiq olaraq 2 609,2 min ton, 2 510 min ton, 2 533,3 min ton və 2 483,9 min ton səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.