Taleh Kazımov: Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir İqtisadiyyat

Taleh Kazımov: Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir

İqtisadi artım üzrə gözləntilərdə nikbinlik müşahidə edilir.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, ölkəmizin əksər ticarət tərəfdaşlarının da ilin sonuna iqtisadi artım proqnozları yüksəlib: “Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya göstəriciləri apardığımız antiinflyasiya tədbirlərindən də təsirlənib. Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 % idi. İnflyasiya təzyiqlərinin azalmasını nəzərə almaqla, AMB pul siyasətini həm də kəmiyyət baxımından yumşaldıb. AMB cari ildən başlayaraq sterelizasiya əməliyyatlarının həcmini kəskin azalıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib. 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə əlçatanlılığı diqqətdə saxlanılıb. Proqnozlara əsasən, deyə bilərik ki, Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir”.