Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 3% artıb İqtisadiyyat

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 3% artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 32 832,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,4% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 57,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 18 832 mln. kubmetr qaz ötürülüb (3,4%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).