İqlim dəyişiklikləri fonunda investisiya problemləri İqtisadiyyat

İqlim dəyişiklikləri fonunda investisiya problemləri

Bakıda keçirilən COP29 tədbirləri çərçivəsində diqqət çəkən aktual məsələlərdən biri də yaşəl iqtisadiyyata investisiyaların cəlb olunması problemidir. Bütün ölkələr sərmayələrin cəlb ediləmsi məsələsində maraqlıdırlar. Çünki investisiya olmadan iqtisadi aktivliyə və iqtisadi artıma nail olmaq mümkün deyil. Bunu nəzərə alan dövlətlər öz iqtisadiyyatlarına sərmayə yatırılması məqsədilə bütün fürsətlərdən istifadə etməyə çalışırlar. Xüsusən də əgər söhbət innovativ və yaşıl iqtisadiyyat layihələrindən gedirsə...

COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, şəhərlərdə iqlim maliyyələşməsi kritik bir məsələdir. Şəhər infrastrukturuna, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac var. Bu, yalnız iqlim risklərinin aradan qaldırılması ilə bağlı deyil, həm də iqtisadi artım imkanları, iş yerlərinin yaradılması və şəhər əhalisi üçün həyat keyfiyyətinin yaxşılaşdırılması deməkdir.

Nazir bildirib ki, çoxsəviyyəli əməkdaşlıq həyati əhəmiyyət daşıyır: “Gələcəyə baxaraq, gəlin Urbanizyasiya Günü ərzində aparılan bu müzakirələrdən istifadə edərək əməkdaşlığımızı dərinləşdirək, praktiki həlləri müəyyənləşdirək və gələcək üçün iddialı hədəflər qoyaq. Həmçinin bu görüşün nəticələrini qlobal gündəmə inteqrasiya edərək irəli aparmaq öhdəliyi götürək. Biz bütün milli hökumətləri, həmçinin özəl və ictimai tərəfdaşları bu məqsədlər uğrunda birləşməyə və sıx əməkdaşlıq etməyə çağırırıq”.

COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb. Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. “Clean Energy Invest LLC” və “Baltech Green LLC” layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq. Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər. “Baltech Green LLC”nin idarə heyətinin üzvü Volkan Gerdan vurğulayıb ki, “Baltech Group” Türkiyədə bərpaolunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib. “Clean Energy Invest LLC”nin baş icraçı direktor Xəyalə Nağıyeva bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.

“Clean Energy Invest LLC”nin Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Eyni zamanda, “Baltech Green LLC”nin idarə heyətinin sədri Bülənt Karani hər iki tərəfin bərpaolunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlim hədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir daha təsdiqləyib.

COP29 çərçivəsində Energetika Nazirliyi, Çinin “China Southern Power Grid International (Hong Kong) Co.,Ltd” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri arasında enerji saxlanması sahəsində Anlaşma Memorandumu imzalanıb. Sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS), batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə, paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Memoranduma əsasən, həyata keçiriləcək fəaliyyətlərin səmərəliliyini təmin etmək, koordinasiyanı gücləndirmək və proseslərə nəzarət məqsədilə İdarəetmə Komitəsi və İşçi qrupu yaradılacaq. İmzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla şirkətlərin vitse-prezidentləri Fan Yaliang, Liu Shaoquan və Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş də olub. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilərək, memorandum çərçivəsində bərpaolunan enerji və enerji saxlanması texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın yaşıl enerji istehsalını artırmaq, regionda və dünyada enerji dəhlizlərinin inkişafını təşviq etmək üzrə səyləri qeyd edilib. Çin şirkətlərinin bu prosesdə iştirakı müasir texnologiyaların tətbiqi və innovativ həllərin inteqrasiyası kontekstində dəyərləndirilib.

Bəs ölkə iqtisadiyyatına investisiya qoyuluşu ilə bağlı vəziyyət necədir? 2024-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14,4 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qaz sektoruna isə 2,0 faiz azalıb. İstifadə olunmuş investisiyanın 7308,6 milyon manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinə, 5162,4 milyon manatı (35,9 faizi) xidmət sahələrinə, 1920,1 milyon manatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 11943,1 milyon manatını və ya 83,0 faizini daxili investisiyalar təşkil etmişdir. İnvestisiyaların 10,4 milyard manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Göründüyü kimi, bu ilin əvvəlindən investisiya qoyuluşlarında azalmalar müşahidə edilir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Məsələn, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir. İşğaldan azad olunmuş Qarabağda bərpa və quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 17 milyard manat xərcləyib.

Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır. Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.

Mahir Həmzəoğlu