HP: Azad edilmiş ərazilərdə MDSS-in dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması artacaq İqtisadiyyat
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin genişlənməsi fonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının (MDSS) dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması artım tempinə malik olacaqdır.
“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının müvafiq hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Fondun təqdim etdiyi məlumatlara əsasən 2023-cü ildə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 4 sığortaedən və 255 sığortaolunan üzrə ödənilmiş 85,7 min manat məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılmışdır. 2024-cü ilin birinci yarısında isə 4 sığortaedən və 178 sığortaolunan üzrə ödənilmiş 73,8 min manat məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılmışdır. Cari ilin I yarısı üzrə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılmış məcburi dövlət sosial sığorta haqları üzrə ötən ilin ümumi göstəricisinin 86,1%-i həcmindədir. Eyni zamanda, cari ilin ilk 6 ayında güzəştdən yararlanmış sığortaedənlərin sayı ötənilki göstərici ilə bərabər, subsidiyalaşdırılmış sosial sığorta ilə əhatə olunan sığortaolunanların sayı isə ötən illə müqayisədə 69,8% göstəricisinə malikdir.
İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə əlaqədar aparılan işlər zamanla burada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin çoxalması ilə müşayiət olunacaq. Dövlətin istər vergi, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində həyata keçirdiyi güzəştlər bu ərazilərdə məskunlaşma və biznesin inkişafının sürətlənməsinə böyük təkandır. Ötən illə müqayisədə cari ilin göstəricisində müşahidə olunan nəzərəçarpacaq artım tempi gələcək illərdə müvafiq istiqamət üzrə büdcə vəsaitinə olan ehtiyacın artması ilə müşayiət olunacaq. Bu baxımdan Hesablama Palatası önümüzdəki illərdə subsidiyalaşma ilə əlaqədar dövlət büdcəsindən ayrılacaq vəsaitin Fondun büdcə gəlirlərində ayrı maddə üzrə uçotunun aparılmasının məqsədə müvafiqliyi qənaətindədir.