Kredit portfelində dollarlaşma səviyyəsi 16.6%-ə qədər azalıb İqtisadiyyat

Kredit portfelində dollarlaşma səviyyəsi 16.6%-ə qədər azalıb

Bu ilin 1 oktyabr tarixinə ümumi kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları) 18.5% artaraq 28.4 mlrd. manata çatıb. Sentyabr ayının sonuna kredit portfelinin tərkibində uzunmüddətli kreditlərin payı ötən ilin sonundan bəri 82.9%-dən 83.9%-ə artıb.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, dövrün sonuna uzunmüddətli kreditlərin həcmi 23.8 mlrd. manat olmuşdur. Qısamüddətli kreditlərin payı isə bu dövrdə 17.1%-dən 16.1%-ə azalmışdır. Dövrün sonuna qısamüddətli kreditlərin həcmi 4.6 mlrd. manat təşkil etmişdir. Vaxtı keçmiş kreditlər nəzərə alınmadan iqtisadiyyata kredit qoyuluşları hesabat dövründə ticarət və xidmət sahəsi üzrə 14.1%, sənaye və istehsal sahəsi üzrə 80.1%, inşaat və tikinti sahəsi üzrə isə 6.3% artıb.

2024-cü ilin 9 ayında kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib. Hesabat dövründə manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artıb. Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16.6% təşkil edib.