Nazir müavini: Son 10 ildə günəş panelləri 90%-dək ucuzlaşıb İqtisadiyyat

Nazir müavini: Son 10 ildə günəş panelləri 90%-dək ucuzlaşıb

Azərbaycanda hazırda hər bir vətəndaş, hüquqi və ya fiziki şəxs, 100 kilovata qədər gücündə bərpa olunan elektrik enerjisi (günəş enerjisi - red.) sistemini qura bilər.

Bu barədə "APA-Economics"ə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

"Bu, kifayət qədər böyük rəqəmdir. Məsələn, ortalama bir ailəyə lazım olacaq günəş panellərinin tutumu 4-5 kilovatdır", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu cür sistemlərdən istifadə edən vətəndaşlar artıq enerji istehsalı olduqda, onu ümumi enerii sisteminə sata bilir, əskik istehsal olduğu halda isə, onu ala bilir:

"Bu artıq gerçəklikdir və bunu həyata keçirən bir çox uğurlu layihələr var Azərbaycanda".

Elnur Soltanov onu da əlavə edib ki, günəş panellərinin qiyməti sürətlə düşüb, son 10 ildə onların qiyməti 90%-ə qədər azalıb.

"Belə trendlə gedərsə, mənə elə gəlir ki, sərfəli olacaq. Xüsusilə, ucqar ərazilərdə, harada elektrik enerjisi təminatı ilə bağlı müəyyən problemlər olur, bu cür layihələrin uğurunu biz görəcəyik", - nazir müavini vurğulayıb.