İstanbulda beynəlxalq forum keçirilir İqtisadiyyat

İstanbulda beynəlxalq forum keçirilir

Türkiyənin İstanbul şəhərində ən böyük kommunikasiya zirvələrindən biri hesab olunan Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Kommunikasiyada Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya" mövzusunda bu il dördüncü dəfə təşkil edilən forumda kommunikasiya üzrə rəsmi nümayəndələr bir araya gəlib.

Tədbirin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciəti oxunub. Sonra vitse-prezident Cövdət Yılmaz və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxış ediblər.

Konfrans çərçivəsində süni intellektin ünsiyyətə təsiri müzakirə edilir, yeni texnologiyaların təqdim etdiyi imkanlar və problemlər araşdırılır.

Forumda Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edir.

O, “Süni intellekt və strateji tərəqqi: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda çıxış edib.

Qeyd edilib ki, konfransda dünyanın 30 ölkəsindən 64 mütəxəssis iştirak edir. 8 panel, 4 çıxış və 6 təkbətək sessiyadan ibarət forumda ümumilikdə üç mindən çox qonaq təmsil olunur.