Azərbaycana 10 ayda 1.2 milyona yaxın smartfon idxal edilib İqtisadiyyat

Azərbaycana 10 ayda 1.2 milyona yaxın smartfon idxal edilib

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 326 milyon 243 min ABŞ dolları dəyərində 1 milyon 166 min 285 ədəd smartfon idxal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 16.2% və ya 162 min 938 ədəd, dəyər baxımından isə 22.2% və ya 59.3 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü ilin ilk 10 ayı ərzində ölkəyə 266 milyon 929 min dollar dəyərində 1 milyon 3.3 min ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 475.5 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 452.3 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (917 995 ədəd), Vyetnamdan (178 595 ədəd), Hindistandan (65 146 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 210 ədəd ) gətirilib. Bu məhsul Çindən 450.6 manata, Vyetnamdan 593 manata, Hindistandan 417 manata, Amerika Birləşmiş Ştatlarından isə 1924 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 201.4 min ABŞ dolları dəyərində 1037 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (444 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 330 manat təşkil edib.