Torpaqların kateqoriyasının dəyişdirilməsi qaydaları elektronlaşdırıldı İqtisadiyyat

Torpaqların kateqoriyasının dəyişdirilməsi qaydaları elektronlaşdırıldı

Dövlət əmlakının özəlləşdirilməsi, keçirilən hərraclar, torpaqların kateqoriyasının dəyişdirilməsi kimi məsələlər investorların, sahibkarların maraq dairəsindədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub. Hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib. Özəlləşdirilən müəssisə "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 6.150.000 manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətli edib. Belə ki, start qiyməti 6.750 manat olan “Sobol” markalı avtomobil 10.000 manata, 11.250 manat olan “BMW 740 Li” markalı avtomobil 15.000 manata satılıb.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb. İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər. Yanvarın 30-da "Azərbaycan Hava Yolları" QSC-nin balansında olan helikopterlər hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib, 2,5% artım qeydə alınıb. Özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub. Dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilib. 2024-cü ilin 11 ayı ərzində qeyri-yaşayış sahələrinə dair 571 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 6,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Eyni zamanda, cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahəsinə dair 3.152 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 27,8 milyon manat məbləğində vəsait daxil olub. Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.723 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 17,1% artıb. 2024-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5% artım qeydə alınıb.
Bunlarla yanaşı, “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edən subyektlər (torpaq mülkiyyətçisi və istifadəçisi olan sahibkarlar, vətəndaşlar, dövlət qurumları və bələdiyyələr) İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (https://e-services.economy.gov.az/) daxil olub “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini seçərək və ya kateqoriya.emlak.gov.az domen ünvanına daxil olaraq müraciət edə bilərlər.
Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər bu elektron xidmət vasitəsilə müraciətlərini və müraciətin əsaslandırılmasına dair sənədlərini real vaxt rejimində ƏMDX-yə göndərə bilərlər.
Müraciət edən subyektlər üçün Digital Login vasitəsilə elektron xidmətə daxil olmaqla müraciətlərini formalaşdırıb ASAN İmza ilə təsdiqləyərək göndərmək, şəxsi kabinet üzərindən müraciətə baxılmanın gedişatını izləmək, baxılmanın nəticələrinə dair bildiriş almaq, həmçinin çatışmayan sənəd və məlumatları ƏMDX-nin sorğusu əsasında göndərmək imkanları yaradılıb.
Təqdim edilmiş sənədlərin düzgünlüyü Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin və daşınmaz əmlakın dövlət reyestrinin baza məlumatları əsasında yoxlanıldıqdan sonra ƏMDX Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı 10 (on) iş günü müddətində rəy verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada göndərir.
Dövlət orqanlarından müsbət rəy almış müraciətlər əsasında ƏMDX-nin müvafiq qurumları tərəfindən 15 (on beş) iş günü müddətində kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yer quruluşu planı (xəritəsi) hazırlanır. Müvafiq Fərmanla təsdiq edilən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nda müəyyən edilmiş müddət və prosedurlara uyğun olaraq işlər yekunlaşır və sənədlər Nazirlər Kabinetinə göndərilir. Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edildiyi halda, onun surəti ƏMDX-yə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 (iki) iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən subyektə elektron xidmət vasitəsilə məlumat verilir.
Yeni elektron xidmət sahibkarların, vətəndaşların, dövlət qurumlarının və bələdiyyələrin müraciətlərinin şəffaf, çevik və effektiv şəkildə baxılmasına, prosedurların optimallaşdırılmasına və məmnunluğun artırılmasına yönəlib. Elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər.
Özəlləşdirmə özəl sektorun inkişafına və əmlak bazarına da mühüm təsir göstərir. Əmlak bazarında qeydiyyat prosedurlarının asanlığı isə biznes mühitinə təsir göstərən mühüm amillərdəndir. Ölkədə özünə xas xüsusiyyətlərə malik əmlak bazarı formalaşıb və hər il əmlakların sayı, xüsusən də xüsusi mülkiyyət artır. Hər halda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub.
Qeyri-neft sektorunda sənaye müəssisələrinin özəlləşdirilməsi, onları müasir texnologiyalar əsasında yenidən qurulması, yeni iş yerlərinin yaradılması, məhsul istehsalı və ixrac imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir. 1996-2023-cü illərdə Azərbaycanda 51960 kiçik dövlət müəssisə və obyektləri özəlləşdirilib. İlk dövrlərdə özəlləşdirmə sürətlə getdi, kiçik müəssisələr daha tez özəlləşdirildi, nəticədə on minlərlə yeni sahibkarlıq subyektləri yarandı. Lakin orta və iri müəssilərin özəlləşdirilməsi çox ləng gedir. Son vaxtlar keçirilən hərraclarda da orta və iri müəssisələrə rast gəlinmir. Əslində praktiki olaraq fəaliyyət göstərməyən, habelə ziyanla işləyən, özəlləşdirlməsi daha faydalı ola biləcək orta və iri müəssisələrin özəlləşdirməyə çıxarılması daha məqsədəuyğundur.

Mahir Həmzəoğlu