"Fitch Solutions” qarşıdakı on il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb İqtisadiyyat

"Fitch Solutions” qarşıdakı on il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Qarşıdakı on illik dövr ərzində Azərbaycanda iqtisadi artım orta hesabla 2,9% təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

Qeyd edilib ki, 2033-cü ilədək olan növbəti on illik proqnoz dövründə iqtisadiyyatın 2012-2022-ci illərdəki 1,7%-dən orta hesabla 2,9% artacağı müəyyən edilib.

"Proqnoz dövründə Azərbaycanın artım profilinin daha sabit olacağını gözləyirik. Ölkənin geniş enerji ehtiyatları, xüsusilə də qaz, növbəti onillikdə əsas artım drayveri olaraq qalacaq, xüsusilə də Avropa Azərbaycan enerjisini daha çox istehlak edəcək. 2005-ci ildən bəri neft gəlirləri ÜDM-in təxminən 30%-ni və son illərdə dövlət gəlirlərinin 75%-dən çoxunu təşkil edir. İnanırıq ki, hasilatın azalmasına baxmayaraq qiymətlərin sabit qalması fonunda neftin ÜDM-ə töhfə vermə faizi bizim 10 illik proqnozumuz boyunca yüksək olaraq qalacaq", - FS əlavə edib.

Xatırladaq ki, "Fitch Solutions” 2025-ci il üzrə Azərbaycanda 2,6% iqtisadi artım proqnozlaşdırıb.