Qaz hasilatı və ixracı artır İqtisadiyyat
Ölkəmizdə son illərdə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatı azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon, 2024-cü ildə 29,1 ton təşkil edib. Əvəzində isə qaz hasilatı artıb.
Belə ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, respublikada 2024-cü ildə 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib. 2024-cü ildə 24,4 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 21 milyon tonu konsorsiumların, 2,8 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Neftin emalı ötən il ərzində 5,8 milyon ton təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 776 min ton (609 min barrel) olub. Bunun 65 987 min tonunu (487 min barrel) xam neft, 14 789 min tonunu (122 min barrel) kondensat təşkil edib.
2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz istehsal olunub. Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 601,5 milyon ton neft, 229,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,7 milyon tona yaxın kondensat, 236,8 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01 yanvar 2025-ci il tarixinədək 648,3 milyon ton neft, 169,5 milyard kubmetr qaz ixraca nəql edilib.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. İndiyə kimi ixraca yönləndirilmiş 170 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq. TAP-ın imkanları mərhələli şəkildə ikiqat artırılacaq.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. İndiyə kimi ixraca yönləndirilmiş 170 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib.
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensiala malikdir və dəhlizin ötürücülük imkanlarının artırılması üzrə planlar reallaşdırılacaq. Azərbaycan son illər ardıcıl olaraq qaz hasilatını və ixracını artırır. Öllkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. İndi isə Azərbaycanın yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin prioritetləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcək.
AÇG-də iştirak payları bp - 30,37%; SOCAR- 25%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil - 6,79%; TPAO - 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%-dir.
Azərbaycanın təbii ehtiyatlanndan və milli sərvətlərindən istifadə hesabına əhalinin rifahının yaxşılaşdırılmasında enerji siyasətinin əhəmiyyətli rolu vardır. Hazırda ölkəmizdə 71 neft və qaz yatağı açılıb və onlann əksəriyyəti istismar olunur. Neft və qaz sənayesinin iri layihələri icra edilir. Ölkəmizdə elektrik və istilik eneıjisi istehsalının və istehlakçılara çatdınimasının nəhəng şəbəkəsi vardır. Bütün bunlan özündə birləşdirən yanacaq-eneıji kompleksinin başlıca vəzifəsi daim, dinamik artan milli iqtisadiyytaın və ölkə əhalisinin eneıji resurslan ilə davamlı və fasiləsiz tələbatını hayata keçirməkdən ibarətdir.
Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1347 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzəryanı ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən, həmçinin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur. Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.
“Əsrin müqaviləsi”nin imzalanması ilə 1999-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsinin və gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrilmiş, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin etmişdir.
Dövlət Neft Fondunun hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olmuşdur. Bununla yanaşı, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Mərkəzi Bankın da valyuta rezervlərini nəzərə alsaq, bu gün Azərbaycanın bütün valyuta ehtiyatlarının həcmi 70 milyard dollara çatmışdır.
Mahir Həmzəoğlu