BTC ilə tranzit neftinin nəqli ötən il artıb İqtisadiyyat

BTC ilə tranzit neftinin nəqli ötən il artıb

Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82%-i və ya 24 172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18%-i və ya 5 298,4 min tonunu (1,1% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.