“Azərbaycanın iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumunun xüsusi rolu var” İqtisadiyyat

“Azərbaycanın iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumunun xüsusi rolu var”

“Davos İqtisadi Forumuna maraq hər zaman böyük olub. Dünyanın nüfuzlu iqtisadi forumu olan Davos tədbirində hər il olduğu kimi, bu il də dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumunun xüsusi rolu var. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır. Hər kəsə məlumdur ki, artıq dövlətlərin problemləri tək bir dövləti və ya bir regionu narahat etmir, yaranan iqtisadi çətinliklər qloballaşaraq regionların hüdudlarını aşır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov Azərbaycanın 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırıb: “Lakin dövlətimizin Davos Forumunda ilk dəfə təmsil olunması 1995-ci ilə təsadüf edir. Həmin il Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda dövlətimizi təmsil edərərək ölkəmizə xarici investorlar cəlb etmişdi. Hətta 2013-cü ildə Dünya İqtisadi Forumunun tədbiri Bakıda təşkil olundu. Azərbaycan hər zaman olduğu kimi yenə də beynəlxalq tədbirə möhtəşəm və qüsursuz hazırlaşmışdı. Bakıda təşkil olunan dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmişdilər. Bununla ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Belə beynəlxalq əhəmiyyətli tədbir üçün məhz Azərbaycanın seçilməsi isə ölkəmizin qlobal arenada əhəmiyyətini göstərən əsas faktorlardan biri idi”.

Deputat qeyd edib ki, 2007-ci ildən bu günə kimi cənab Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda davamlı olaraq iştirakı Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm amil oldu: “Həmişəki kimi Davos Forumunda Prezident İlham Əliyevə tədbir iştirakçılarının xüsusi diqqət və marağı var. Çünki Azərbaycan davamlı olaraq uğurlar qazanır və beynəlxalq layihələrdə aktiv iştirak edir. Deyə bilərəm ki, Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlətlər arasında Azərbaycan ilk sıralardadır. Təbii ki, buradakı əsas amil cənab Prezidentin yaratdığı imic və uzaqgörən xarici siyasi xəttin roludur”.

Röya İsrafilova