2025-ci ildə iqtisadi artım gözləntiləri İqtisadiyyat

2025-ci ildə iqtisadi artım gözləntiləri

“Bizim 2025-ci il ilə bağlı proqnozlarımız nikbindir. Bu il Azərbaycan iqtisadiyyatının artımı proqnozu 3,3 faiz olacağı gözlənilir”. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 5,2 faiz müəyyən edilib.

Bəs 2024-cü ildə iqtisadi artım göstəriciləri necə dəyişib? Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb. ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12382,5 manatdır.

Bununla belə, neft-qaz sektorunda azalma qeydə alınıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 7,3 faiz artmışdır. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artmışdır.

Ölkəmizdə son illərdə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatı azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon, 2024-cü ildə 29,1 ton təşkil edib. Əvəzində isə qaz hasilatı artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81,5 faiz, mebel istehsalı 45,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, elektrik avadanlıqlarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,9 faiz, geyim istehsalı 24,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,0 faiz, tikinti materiallarının istehsalı 16,9 faiz, içkilərin istehsalı 15,7 faiz, qida məhsullarının istehsalı 10,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, kağız və karton istehsalı 5,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,7 faiz, tütün məmulatlarının istehsalı 4,1 faiz, sair sənaye məhsullarının istehsalı 2,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0,9 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,2 faiz, neft məhsullarının istehsalı 11,0 faiz, poliqrafiya məhsullarının istehsalı 23,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, maşın və avadanlıqların istehsalı isə 51,4 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,7 faiz artmışdır.

İqtisadiyyata sərmayə qoyuluşlarında da azalma meyilləri var. 2024-cü ildə əsas kapitala 21435,1 milyon manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldili. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 10641,3 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 8221,1 milyon manatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 18145,7 milyon manatını və ya 84,7 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 15524,9 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Aydın məsələdir ki, davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 19 milyard manat vəsait xərclənib. 2024-cü ildə dövlət büdcəsindən bu sahəyə 5 milyard manat sərf olunub, 2025-ci ilin büdcəsində isə 4 milyard manat nəzərdə tutulub. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması əsas məqsədlərdir.

Bu arada özəlləşdirmənin əhatə dairəsi də genişləndirməli, iri və orta müəssisələr özəlləşdirməyə açılmalıdır. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə struktur islahatları davamlı xarakter daşımalıdır. Bu sahəyə investisiyaların cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Xarici investorları özəlləşdirmə prosesinə də daha aktiv şəkildə cəlb etmək olar. Özəlləşdirmə prosesində investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalıdır. Hər halda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər. Bunlarla yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin investorlar üçün cəlbediciliyiniu artırmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. İnvestorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi vacibdir. Müəssisələrin özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları, potensial investorlara daha əlverişli şəraitin yaradılması faydalı ola bilər.

İqtisadiyyatı neft-qaz gəlirlərindən asılı olan ölkə üçün dünya bazarında onun qiymətlərinin necə dəyişməsi həmişə prioritet və gündəmdə olan məsələdir. Mərkəzi Bank tərəfindən bu il proqnozlaşdırılan neftin orta qiyməti 77,3 dollar, təbii qazın orta qiyməti isə 349 dollardır. Dünya birjalarında isə neft ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar azalaraq 79,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar azalaraq 75,50 dollar təşkil edib. Bu qiymətlər ölkəmiz üçün əlverişlidir. ABŞ-ın yeni prezidentinin yeni siyasəti, yəni təbii enerji resursları istehsalının artırılması niyyətləri dünya bazarında qiymətlərin enməsini stimullaşdıra bilər. Amma kəskin ucuzlaşma gözlənilən deyil.

Mahir Həmzəoğlu