“S&P Global Ratings” Azərbaycanın bank sektoru üzrə qiymətləndirməsini yaxşılaşdırıb İqtisadiyyat

“S&P Global Ratings” Azərbaycanın bank sektoru üzrə qiymətləndirməsini yaxşılaşdırıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) yaxşılaşdırıb.

"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Məlumata görə, S&P Azərbaycan bank sektoru üçün sənaye risk qiymətləndiriməsini "sabit"dən "müsbət"ə dəyişdirib.

"Müsbət sənaye risk tendensiyası 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində son iki il ərzində ölkədə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin müasirləşdirilməsi təşəbbüslərini əhatə edir. Bu təşəbbüslər səmərəli həyata keçirilərsə, düşünürük ki, Azərbaycanda banklar üçün tənzimləmə və nəzarət daha da gücləndirilə bilər. Bununla belə, biz ölkədəki tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq standartlardan daha zəif hesab etməyə davam edirik"- S&P əlavə edib.

Qeyd edək ki, BICRA (Banking Industry Country Risk Assessments) “S&P Global Ratings” agentliyinin bank sənayesi ölkə risk qiymətləndirməsidir. Qiymətləndirmə üzrə ən yüksək bal 1, ən aşağı bal isə 10-dur. S&P sonuncu dəfə 2023-cü ilin dekabr ayında Azərbaycanın bank sektoru ilə bağlı risklərin qiymətləndirilməsini “9”dan “8”ə yaxşılaşdırıb.