ARDNF-nin ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar 1,2 mlrd. dollara çatıb - EKSKLÜZİV İqtisadiyyat

ARDNF-nin ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar 1,2 mlrd. dollara çatıb - EKSKLÜZİV

2024-cü ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 13,4 mlrd. dollar təşkil edib.

Bu barədə "APA-Economics”in sorğusuna əsasən ARDNF-dən bildirilib.
Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində də dəyişiklik olub.

Fondun “Apple Inc”yə yatırımları ötən ilin III rübü ilə müqayisədə ilin sonunda 71 mln. dollar artaraq 645 mln. dollara çatıb. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4,9%-dən 5,5%-ə kimi yüksəlib.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlayıb. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri ötən il 505 milyon dollardan 557 milyon dollara yüksəlib. Yəni, “NVIDIA-ya yatırımlar 3 ayda 52 milyon dollar artıb. Bu nəticə ilə İT nəhəngi "Google" və "Amazon"dan sonra “Microsoft”u da qabaqlayıb və siyahıda ikinci olub. Portfeldə çəkisi isə 4,3%-dən 4,7%-ə yüksəlib.

Fondun “Microsoft”a yatırımlarının dəyəri 513 dollardan 504 mln. dollara kimi azalıb, səhm portfelində payı isə dəyişməyərək 4,3% təşkil edib.

ARDNF-nin “Amazon”a yatırımları isə ötən ilin son rübündə 295 mln. dollardan 351 milyon dollara yüksəlib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı isə 2,5%-dən 3%-ə yüksəlib.

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin III rübü ilə müqayisədə 212 mln. dollardan 217 mln. dollara yüksəlib, portfeldə çəkisi isə dəyişməyərək 1,8% təşkil edib.

ARNDF-nin həmçinin, "Tesla"ya yatırımları 127 mln. dollardan 197 mln. dollara, səhm portfelində çəkisini isə 1,1%-dən 1,7%-ə çatdırıb. Başqa sözlə, 3 ayda 60 mln. dollar yatırım edilib.

“Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 mln. və 163 mln. dollar, "Broadcom İnc"yə isə 174 mln. dollar təşkil edib.

Ötən ilin sonunda “JP Morgan Chase&Co” ən investiya edilən şirkətlərin TOP-10-luğuna düşə bilib. Fondun maliyyə nəhənginə investisiyaları 116 mln. dollara, portfeldə çəkisi isə 1%-ə bərabər olub.

Ümumilikdə, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları 3 mlrd. 112 mln. dollar təşkil edib.

Qeyd edək ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə 1.6 milyard ABŞ dolları təşkil edib.