![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra mühüm mətləblərə toxunub.
Dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri, Azərbaycanın şaxələnmiş xarici siyasəti və Orta Dəhlizin potensialından da bəhs edib.
Azərbaycan-Çin münasibətləri
Bir-birinə strateji tərəfdaş kimi yanaşan və qarşılıqlı maraqlarını ön plana çəkən Azərbaycanla Çin arasında münasibətlər son illər xüsusən iqtisadi və ticarət sahəsində daha da inkişaf etməkdədir.
Prezident İlham Əliyev də müsahibəsində Çin və Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkib: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”
Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev APA-ya açıqlamasında Azərbaycan və Çin arasında münasibətləri möhkəm siyasi fundament və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə hörmətə əsaslandığını vurğulayıb: “Rəsmi Bakı və Pekin qlobal arenada separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyalarına qarşı çıxırlar və bu məsələdə vahid mövqeyə malikdirlər. Azərbaycan Respublikası “Vahid Çin” siyasətini dəstəkləyir, ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Bu o deməkdir ki, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çinin ayrılmaz hissəsidir. Çin Xalq Respublikası da Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu dəstəyin ifadəsi Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin fevralında Pekinə etdiyi ilk rəsmi səfərdə təsdiqləndi, sonrakı illərdə də qorunub saxlandı. 2024-cü ildə Çin və Azərbaycan münasibətlərini rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar”.
Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə
İki ölkə arasında yaxın münasibətlərin əsas səbəblərindən biri ölkə rəhbərlərinin qarşılıqlı anlaşma və hörmətə əsaslanan dialoqudur. Prezident İlham Əliyev və Çin Dövlət Şurasının Sədri Si Cinpin arasında uzun zamandan bəri səmimi dialoq var. 2024-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin arasında görüş baş tutub. Görüş çərçivəsində iki ölkə lideri tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
Bəyannamə özündə nəyi ehtiva edir?
Bu bəyannamə, Azərbaycan və Çin arasında qarşılıqlı maraqları və əməkdaşlıq sahələrini genişləndirməklə yanaşı, iki ölkə arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədini güdür.
Bəyannamənin qəbulu böyük nailiyyətdir
Həmin görüşdə Prezident İlham Əliyev Bəyannamənin qəbulunu böyük nailiyyət adlandırıb: “Ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik”.
İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib
Görüş zamanı Çin Sədri Si Çinpin də öz növbəsində iki ölkə arasındakı əlaqələrin səmimiyyətə və qarşılıqlı etimada əsaslandığını vurğulayıb: “Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb”.
Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun tədqiqatçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru Kanq Je APA-ya açıqlamasında Çin və Azərbaycanın yüksək qarşılıqlı etimada malik yaxşı tərəfdaş olduqlarını qeyd edib: “Ölkələrimiz modernləşmə yolunda birgə addım atırlar. Hazırda, qlobal dəyişikliklərin sürətləndiyi bir dövrdə sabitlik, harmoniya, rifah və əlaqəlilik bütün xalqlar arasında ümumi arzulardır. Hər iki ölkə bir-birinin əsas maraqlarına həmişə hörmət göstərib, müxtəlif sahələrdə əməkdaşlığı gücləndirib. Həm Çin, həm də Azərbaycan, öz tarixinə və milli reallıqlarına uyğun modernləşmə yollarını fəal şəkildə araşdırır, sosial harmoniya yaratmağa və idarəetmə səmərəliliyini artırmağa kömək edən institusional irsini yenidən kəşf edir, inkişaf edən əsas sənaye sahələrini güclü şəkildə inkişaf etdirir, yeni ticarət dəhlizləri açır, yaşıllaşma və rəqəmsal keçidlərdəki fürsətləri qucaqlayır. Hər iki ölkənin inkişaf üstünlükləri yüksək uyğunluğa malikdir, hər iki ölkənin irəliləyişi digərinin inkişafı üçün vacib fürsət yaradır. Keçmişə baxdıqda, Çin və Azərbaycan arasında maddi mədəniyyət, texnologiya və ideyalar mübadiləsinin uzun tarixə malik olduğunu və sivilizasiyalararası əlaqələrin çoxsaylı nümunələrini görürük. Gələcəyə baxarkən, hər iki ölkənin sivilizasiyalararası dialoqu gücləndirəcəyini, qarşılıqlı anlaşmanı dərinləşdirəcəyini və gənc nəsillər arasında ənənəvi dostluğu davam etdirəcəyini söyləmək olar”.
Azərbaycanın şaxələnmiş xarici siyasəti
Müsahibə zamanı Azərbaycanın şaxələnmiş xarici siyasətinə dair məsələyə toxunan Prezident İlham Əliyev rəsmi Bakının Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzaladığını vurğulayıb: “Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.
Deputat Rizvan Nəbiyev beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın çoxtərəfli müstəvidə münasibətlərin müsbət dinamikasından xəbər verdiyini deyib: “Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalaması beynəlxalq siyasətdə multilaterializmi dəstəkləyən Azərbaycanın Çinlə xarici siyasət sahəsində əməkdaşlığının çoxtərəfli formatda da inkişafı üçün imkanlar yaradır. Belə ki, Çinin aparıcı qüvvələrdən olduğu Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Şaxələnmiş bu xarici siyasət istiqaməti həyata keçirən Azərbaycanın COP29 çərçivəsində Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq təcrübəsi də yüksək qiymətləndirilir”.
Prezident İlham Əliyev müsahibəsində Orta Dəhlizin əhəmiyyəti barədə də danışıb.
“...Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır.
...Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək”.
Azərbaycanın yerləşdiyi coğrafi mövqenin üstünlükləri Çin tərəfindən təqdir edildiyini vurğulayan Rizvan Nəbiyev Qafqaz-Xəzər regionunda önəmli ölkə kimi Azərbaycanın geosiyasi mövqe və nəqliyyat və loqistika üstünlüyünə malik olduğunu deyib: “Azərbaycan qədim "İpək yolu" layihəsinin tərkib hissəsi olmaqla, Çinin 2013-cü ildə elan etdiyi müasir “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz resursları hesabına töhfə verir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Bakı-Tbilisi-Qars dəmiryolu bu istiqamətdə vacib seqmentlərdir. Çindən başlayan və Avropaya qədər uzanan layihənin mahiyyəti ondan ibarətdir ki, Çindən ixrac edilən mallar zamana qənaət və əlverişli tranzit rüsumları ilə Avropaya çatsın. Əlbəttə ki, bu, həm Çin-Avropa ticarət əlaqələrində sabit tranzit ölkə kimi Azərbaycanın rolunun artmasına xidmət edir, həm də həyata keçirilən bu cür perspektivli layihələr beynəlxalq əməkdaşlıq yolunda geniş imkanlar açır”.
Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrini təmin edən strateji nəqliyyat marşrutudur. Bu dəhliz Xəzər dənizini, Qafqazı və Türkiyəni əhatə edərək, məhsulların sürətli və təhlükəsiz şəkildə daşınmasını məqsəd qoyur. Orta Dəhliz, xüsusilə Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü ilə əlaqəli olaraq mühüm nəqliyyat xətti olaraq ortaya çıxıb. 2024-cü ildə Orta Dəhlizlə daşınan yüklərin ümumi həcmi 7.980,6 min ton olub. Daşımaların 45,2%-i dəmir yolu, 31,7%-i avtomobil nəqliyyatı və 23,1%-i isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Tranzit yüklərin payı 60,2%-i təşkil edib. Orta Dəhliz vasitəsilə yükdaşımaların artması ilə əlaqədar olaraq, Azərbaycan ərazisində müxtəlif məhsul istehsal edən müəssisələr və logistika mərkəzlərinin qurulması planları var. Bu cür inkişaflar, həm Azərbaycan iqtisadiyyatına, həm də Orta Dəhlizin strateji əhəmiyyətinə töhfə verir.
Prezident İlham Əliyev 2022-ci ildə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bu dəhlizin potensialından geniş bəhs edib: “İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır”.
Orta Dəhliz sənaye zəncirinə çevriləcək
Çinli siyasi ekspert Kanq Je Orta Dəhlizi Çin və Azərbaycan arasında əməkdaşlığın başlıca layihəsi olduğunu düşünür: “Şimal Dəhlizi və dəniz yolları qarşısında üzləşən qeyri-müəyyənliklər fonunda, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Transxəzər Orta Dəhlizi getdikcə yalnız qısa müddətli bir təcili tədbir deyil, Çinin uzunmüddətli strateji düzülüşünün bir hissəsinə çevrilir. 2024-cü ilin əvvəllərindən bəri Xəzər dənizi vasitəsilə 100-dən çox “China Railways” ekspress qatarı yola salınıb, bu, illik artımda 10 dəfədən çoxdur. Xüsusilə may ayından etibarən gündə bir dəfədən çox qatar yola salınacaq ki, bu da güclü inkişaf meylini nümayiş etdirir. 2023-cü ildə Trans-Xəzər Dəhliz üzrə Çindən yalnız 11 konteyner qatarı yola çıxmışdı. 2024-cü ilin dekabrına qədər bu rəqəm 300-dən çox olub. Dəhlizin gələcək inkişaf hədəfləri 2025 və 2026-cı illərdə yükdaşımaları ildə 600 konteyner qatarına çatdırmaqdır. Hədəf 2027-ci ildə 1 000 qatara, 2029-cu ildə isə 2 000 qatara yüksələcək ki, bu da dəhlizin qlobal ticarət loqistikasında artan rolunu əks etdirir”.
Politoloq Kanq Je gələcəkdə Orta Dəhlizin yalnız nəqliyyat yolu olmaqla kifayətlənməyəcəyini, eyni zamanda sənaye zənciri və birgə inkişaf cəmiyyətinə çevrilə biləcəyini vurğulayıb: “Dəhliz boyunca yerləşən ölkələr bu vacib arteriya ətrafında sənaye zənciri əməkdaşlığını dərinləşdirəcək".
Azərbaycan və Çin arasında ticarət dövriyyəsi
Həm Çin, həm də Azərbaycan Orta Dəhliz və digər strateji layihələr çərçivəsində qarşılıqlı ticarət əlaqələrini daha da gücləndirmək üçün müxtəlif addımlar atıb. Bunun nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli şəkildə artıb.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3 milyard dollardan çox olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,14% artım deməkdir. Bu dövr ərzində Azərbaycanın ixracı 1,5 milyard dollar, idxalı isə 1,5 milyard dollar təşkil edib. Nəticədə, iki ölkə arasında ticarət balansı tarazlı olub. Bu rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndiyini və qarşılıqlı ticarətin inkişaf etdiyini göstərir