“Şahdəniz” yatağına ötən il 3 mlrd. dollara yaxın xərc çəkilib İqtisadiyyat

“Şahdəniz” yatağına ötən il 3 mlrd. dollara yaxın xərc çəkilib

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 969 mln. ABŞ dolları həcmində vəsait xərclənib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2024-cü ildə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 2 mlrd. 203 mln. dollar əməliyyat xərcləri və təxminən 766 mln. dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

“2022-ci ildə başlanmış “Şahdəniz Alfa” (SDA) elektrik təchizatı layihəsi 2024-cü ilin dördüncü rübündə uğurla tamamlanıb. Bu layihə SDA platformasına ondan cəmi 8 kilometr aralıda yerləşən “Bravo” platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaradıb. Elektrik enerjisinin ötürülməsi sualtı cərəyan və fiber-optik kabel vasitəsilə təmin olunur. Bu modernləşdirmə SDA istismara veriləndən bəri orada istifadə olunan beş dizel generatoruna ehtiyacı aradan qaldırmaqla platformanın əməliyyat səmərəliliyini artıracaq, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin edəcək və xərcləri azaldacaq”, - hesabatda bildirilir.

Qeyd olunur ki, ötən İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“BOTAŞ” şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

2024-cü ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 28 milyard kubmetr qaz (illik müqayisədə 7,7% artım) və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.

“Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir”, - hesabatda vurğulanır.

Hesabata əsasən, 2024-cü ilin dördüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində şərq-şimal cinahından üçüncü quyu işə salınmışdır və qərb-cənub cinahında sualtı işlər üzrə fəaliyyətlər davam edib.

Ümumilikdə "Şahdəniz 2" çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.