Bakıda minlərlə mənzil satışa çıxarıldı: əşyalar da var... İqtisadiyyat

Bakıda minlərlə mənzil satışa çıxarıldı: əşyalar da var...

Daşınmaz əmlak bazarında ipoteka ilə alınan mənzillərin kütləvi satışı müşahidə olunur. Hazırda elan saytlarında bu tipdə satışa təqdim olunan çox sayıda mənzil mövcuddur.

Xalqcebhesi.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Elnur Fərzəliyev bildirib ki, sözügedən elanlar daha çox şirkətlərin daxili kreditlə təklif etdiyi mülklərdir:

“Qanunvericiliyə görə, ipoteka kredit müddəti bitməyənə qədər vətəndaşlar həmin mənzilləri sata bilməz. Elan saytlarında olan mənzillər əksər hallarda şirkət daxili, az faizli ipotekalı mənzillərdir. Bəzi vətəndaşlar belə əmlakları alaraq, bir müddət sonra daha baha qiymətə satırlar. Bu daha çox gəlir əldə etmək üçün nəzərdə tutulub. Amma 4 və 8 faizli ipoteka ilə satılan mənzillərin yenidən satışa çıxarılması üçün ilk növbədə onların krediti bağlanmalıdır. Yaxud alıcı tərəf etibarnamə vasitəsi ilə almalıdır ki, bunu da hər kəs etmir”.

Ekspert qeyd edib ki, hazırda ipoteka ilə mənzil almaq xeyli çətinləşib:

“Şərtlər asan olmadığı kimi, həmin ipoteka kreditlərini əldə etməyin özü də çox çətindir. Çünki aylıqlar nə qədər çox olsa da, paytaxtın əmlak bazarında artan qiymətlər onu deməyə əsas verir ki, bahalaşma ildən-ilə davam edir. Təbii olaraq artdıqca onun aylıq faiz dərəcələri də artır.

Bir çox layihə var ki, onlar minimal güzəştli şərtlərlə satılır. Həmin mənzilləri alıb, daha sonra içinə əşyalar qoyub daha baha qiymətə satan şəxslər də çoxdur”.