Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu? İqtisadiyyat

Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?

Azərbaycanda son günlər müşahidə edilən qarlı hava şəraiti bəzi müəssisələrin onlayn və ya hibrid iş rejiminə keçməsinə səbəb olub. Qarlı hava şəraitinin ölkə iqtisadiyyatına təsirlərinə gəldikdə isə burada kənd təsərrüfatı və xidmət sektorlarının xüsusi qeyd edilməsinə ehtiyac var.

Xalqcebhesi.az xəbər verir ki. bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.

“Mütəxəssislərin qiymətləndirmələrinə görə, qarlı hava şəraiti kənd təsərrüfatında yeni mövsumdə məhsuldarlığa müsbət təsir göstərir. Bu eyni zamanda potensial su ehtiyatlarının formalaşması baxımından da faydalı hesab olunur.

Təbii ki, qarlı hava şəraitin ən çox təsir etdiyi sektorlardan biri xidmət və eləcə də nəqliyyat və ticarət sahəsidir. Müşahidələr göstərir ki, hava - xidmət və ticarətdə təklifə və eləcə də müştərilərin sayına təsir göstərir. Azərbaycanda illik ÜDM-in məbləği 126 milyard 300 milyon manatdır. Bu o deməkdir ki, orta hesabla hər ay 10 milyard 525 milyon manatlıq ÜDM istehsal olunur.

ÜDM-in 10.7 faizi ticarət sektorunun payına düşür. Yəni hər il bu sektorda 13 milyard 514 milyon manatlıq ÜDM formalaşır. Bununla yanaşı, Azərbaycanda artıq onlayn xidmətlərdən sıx istifadə olunduğundan qarlı hava şəraitinin ticarət sektoruna neqativ təsirləri minimumlaşıb.

Nəqliyyat sektoru isə 7.0 faizlik paya malikdir.

ÜDM-in 35.9 faizinin sənayenin payına düşdüyünü də nəzərə alsaq, qarlı hava şəraitinin iqtisadiyyatda yeni dəyərin formalaşmasına neqativ təsirləri yoxdur”.