

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):
- bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
- Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Müəyyən edilib ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- bu Fərmanın yuxarı bəndləri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):
- Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.