

2025-ci ilin ilk iki ayı geridə qaldı. İlin ilk ayları hansı sosial-iqtisadi göstəricilərlə xarakterik oldu? İlk öncə onu qeyd edək ki, proqnozlar özünü doğruldur, neftin qiymətləri əlverişlidir, dövlət büdcəsinin icrasında hər hansı problemlər müşahidə olunmur.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən, 2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozları üstələyib. Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2,686 milyard manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1,207 milyard manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlət büdcəsinin xərcləri 3,026 milyard manat təşkil edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 faiz çoxdur.
Bununla belə, ilin ilk ayında iqtisadi geriləmə qeydə alınıb. 2025-ci ilin yanvar ayında ölkədə 9,430 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olmuşdur. İlk ayda ÜDM-də azalma olsa da, sonrakı aylarda artım gözlənilir. Hökumətin proqnozlarına görə, bu il ÜDM 3-4 faiz artacaq. Hətta qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu 5,2 faiz müəyyən edilib. 2024-cü ildə isə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatı neft-qaz gəlirlərindən asılı olan ölkə üçün dünya bazarında onun qiymətlərinin necə dəyişməsi həmişə prioritet və gündəmdə olan məsələdir. Mərkəzi Bank tərəfindən bu il proqnozlaşdırılan neftin orta qiyməti 77,3 dollar, təbii qazın orta qiyməti isə 349 dollardır. Dünya birjalarında isə neft ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 70,77 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,61 dollar azalaraq 67,65 dollar təşkil edib. Bu qiymətlər ölkəmiz üçün əlverişlidir. 2025-ci ilin dövlət büdcəsi hesablanarkən neftin qiyməti 70 dollar nəzərdə tutulub. ABŞ-ın yeni prezidentinin yeni siyasəti, yəni təbii enerji resursları istehsalının artırılması niyyətləri dünya bazarında qiymətlərin enməsini stimullaşdıra bilər. Amma kəskin ucuzlaşma gözlənilən deyil. Oona görə də, bu ilin büdcə gəlirlərinin və xərclərinin, sosial layihələrin icrasında hər hansı problem gözlənilmir.
“Əsrin müqaviləsi”nin imzalanması ilə 1999-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsinin və gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrilmiş, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin etmişdir. Dövlət Neft Fondunun hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olmuşdur. Bununla yanaşı, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Mərkəzi Bankın da valyuta rezervlərini nəzərə alsaq, bu gün Azərbaycanın bütün valyuta ehtiyatlarının həcmi 70 milyard dollara çatmışdır.
Ölkəmizdə son illərdə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatı azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon, 2024-cü ildə 29,1 ton təşkil edib. Əvəzində isə qaz hasilatı artıb.
2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz istehsal olunub. Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. İndiyə kimi ixraca yönləndirilmiş 170 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Azərbaycanın xarici borcları da idarə olunan həcmdədir. 1 oktyabr 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 5.3 milyard dollardır və ya Ümumi Daxili Məhsulun (ÜDM) 7,4 faizini təşkil edir. Cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1,162 milyard ABŞ dolları və ya 18 faiz azalmışdır. Xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 86,1 faiz, avro – 6,1 faiz, yapon yeni – 3,4 faiz, digər valyutalar – 0,7 faiz. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,3 faizini, sabit dərəcə ilə olanlar isə 51,7 faizini təşkil etmişdir. Xarici dövlət borcunun 48,5 faizi 5 ilə qədər olan müddətdə, 44,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 7,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.
Mahir Həmzəoğlu